Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt" və "Zirə" klubları üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Matc.az xəbər verir ki, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis rəqibi "ideal komanda" adlandırsa da, oyunun dominant tərəfi olduqlarını bildirib. O, yaradılan qol epizodlarını dəyərləndirə bilmədikləri üçün təəssüfləndiyini qeyd edib.
R.Sadıqov noyabr ayından bəri qələbə qazana bilməmələrinin komanda üzərində təzyiq yaratmadığını vurğulayıb. O, əsas diqqətin nəticədən çox oyunun keyfiyyətinə və səhvlərin analizinə yönəldiyini bildirib. Baş məşqçi 3 gündən sonra eyni rəqiblə çempionat çərçivəsində keçiriləcək oyunun daha vacib və gərgin olacağını diqqətə çatdırıb:
"Daha çox dominant tərəf biz idik.Təəssüflər olsun ki, fərqlənə bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq. Noyabrdan bəri qələbə qazana bilməməyimiz barədə düşünmürük, bu, təzyiq yaratmır. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam. İndi bütün fikrimizi 3 gündən sonra keçiriləcək çempionat oyununa yönəldəcəyik. Çalışacağıq ki, bizə vacib olan qələbəni orada qazanaq".








_1770229755.jpg)



