"Azərbaycana iki gün əvvəldən gəlməyimiz yaxşı oldu. Ən azı burda bizi gözləyən vəziyyətlə tanış olduq, hava şəraitinə uyğunlaşmaq imkanı yarandı". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının müdafiəçisi Peter Pekarik deyib.

33 yaşlı sağ cinah oyunçusu ölkəsinin mətbuatına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək görüşü dəyərləndirib. O, final mərhələsini hədəflədikləri üçün büdrəməyə haqlarının olmadığını söyləyib: "Turnir cədvəlinin yüksək yerlərində qərarlaşmaq istəyiriksə, hər matçdan xalla ayrılmalıyıq. Xüsusən də, Bakıdan qələbə ilə dönmək çox vacibdi. Baş məşqçi Pavel Hapalın sözlərini təkrarlamaq istəyirəm: Azərbaycanda xal itirən komandanın hədəfə çatması çətinləşəcək".

"Herta"nın futbolçusu onları çətin oyunun gözlədiyini vurğulayıb: "Hesab edirəm ki, uzunmüddətli təlim-məşq toplanışının xeyrini görəcəyik. Uels yığması martda bunun sayəsində bizə qalib gəlmişdi. Həmin vaxt Trinidad və Tobaqonu fərqli, bizi isə fərqli "11-lik"lə məğlub etdilər. Məşqçilər korpusu bütün bunları düşünüb. İordaniya ilə yoldaşlıq görüşündə də yenilərə şans verildi. Əminəm ki, qalan oyunçular Azərbaycanla qarşılaşmaya 100 faiz hazırdı. Bakıda hava çox istidi. Düzdü, hər iki komanda eyni şərtlər altında çıxış edəcək. Ancaq onlar istiyə öyrəşiblər. Bəhanə gətirmək fikrimiz yoxdu. Bu, seçmə mərhələ oyunudu və uğur qazanmaq istəyirik. Təbii ki, bizim üçün adi, asan oyun olmayacaq".

Pekarik yığmamızın iki gün əvvəl Macarıstanla (1:3) keçirdiyi oyunu izlədiklərini və özləri üçün qeydlər götürdüklərini əlavə edib: "Azərbaycanla oyunda standart vəziyyətlər bizim əsas silahımız ola bilər. çox rəqiblə qarşılaşmışıq və hava toplarından qollar vurmuşuq. Azərbaycanın Macarıstanla oyununu da izlədik. Macarlar matçın əvvəllərində hesabı açdı və fasilədən dərhal sonra fərqi 2 topa çatdırdı. Bu, bizim üçün də ideal ssenari olardı".

Sabiq "Kayserispor"lu qrupdakı durumu da dəyərləndirib: "Qrupda mübarizə gözlədiyimiz kimi gedir. çox balanslı qrupdayıq, nəticələr sıxdı. Oyunlarda 1-2 qol olur. Komandaların gücü bir-birinə çox yaxındı. İlk iki yeri tutmaq istəyən Azərbaycanda mütləq qalib gəlməlidi. Başqa yol yoxdu. Hamımız bunu dərk edir və mübarizəmizi buna uyğun aparırıq".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest