"Qəbələ" Premyer Liqaya həmişəki kimi iddialı qayıdır".
Matc.az xəbər verir ki, bunu klubun prezidenti Fariz Nəcəfov deyib.
Onun sözlərinə görə, "qırmızı-qaralar"ın büdcəsində "Qəbələ" akademiyasının xərcləri böyük hissəni təşkil edir: "Klub bazasının da xərclərini nəzərə alsaq, büdcə formalaşdırmaq bizim üçün çox çətindir. Dövlət tərəfindən klublara ayrılan məbləğin 3 milyon manatdan 2,5 milyon manata endirilməsi də bizə əlavə çətinliklər yaradır. Amma yenə də çalışacağıq ki, növbəti mövsümdə "Qəbələ"ni iddialı klublar içərisində görək".
Nəcəfov klub akademiyası üçün AFFA-nın nəzərdə tutduğu 700 min manat vəsaitin yarısının artıq köçürüldüyünü söyləyib: "Qalan hissəsinin isə mayın 15-də, yəni bu gün köçürüləcəyini demişdilər. Biz bu mövsüm I Liqada iştirak etdiyimizdən, Premyer Liqa klubları üçün nəzərdə tutulan vəsait "Qəbələ"yə şamil olunmayacaqdı. Belə bir şəraitdə dövlət büdcəsindən ayrılan vəsaitin kəsilməsi akademiyamızın fəaliyyətinə ciddi təsir edə biləcəyindən, AFFA dəstək oldu. Akademiyamızda say azalsa da, 45-48 nəfər komandamızın üzvünün daimi qalmasını təmin edirdik. Onların da qidalanma və gecələmə xərclərini qarşılamaq lazım idi. Ödənişin yubanması bizi borclu olduğumuz digər təşkilatlar qarşısında pis vəziyyətdə qoymuşdu. Vəziyyəti birtərəhər idarə etdik. Onlar da bizi başa düşdülər".