Bu gün Topaz Premyer Liqasında son turun oyunları keçiriləcək. Mövsümün qapanış matçı gümüş və qızıl medalçılar - "Neftçi" ilə "Qarabağ" arasında baş tutacaq. Formal oyunöncəsi "Neftçi" tərəfi rəsmi sayt vasitəsilə bilet satışı elan edərək gülüş mənbəyinə çevrilib.

Məsələ burasındadı ki, oyuna biletlərin qiyməti həmişəki kimi 1 yox, nə az nə çox, 50 manatdı!  Bəli, səhv oxumadınız nə 1, nə 5, nə 10, 50!!! Məlumat üçün deyək ki, mayın 29-u Bakıda keçiriləcək Avroliqa finalına biletlərin qiyməti 60 manatdı. Amma bu avrokubok finalı deyil, heç Azərbaycan kubokunun da finalı deyil. Çempionatın gedişində 5 xal fərqlə lider olan “Neftçi” rəhbərliyinin yarıtmaz fəaliyyəti “sayəsində” heç bir əhəmiyyət kəsb etməyən, formallığa çevrilən bir oyundu. Görünür, "Neftçi" rəhbərliyi mövsümün son hoqqasını bu yolla çıxarmaq qərarına gəlib.

Normalda Azərbaycan çempionatına baxmaq üçün 1 manatından keçən azarkeş belə, qəhrəmandı. Çünki etiraf edək ki, çempionat oyunlarımızın əksəriyyəti heç 1 manata da dəyməz. Hətta bəzi komandalar tribunalara 20-30 nəfər yığmaq üçün onlara pul da verirlər. "Neftçi" rəhbərliyi isə heç kimə lazım olmayan, formal matça 50 manat istəyir.

Görünür, Kamran  Quliyev və yardımçıları “Neftçi” azarkeşlərinin haqlı etirazından, onları istefaya səsləməsindən qorxur. Maraqlıdı, hər şey son tura qalsaydı nə edəcəkdilər? Yəqin onda da "Qarabağ" qalib gəlib çempion olsaydı, "stadionda bomba var" deyib və ya başqa bir bəhanə ilə cəld tribunaları boşaldacaqdılar.

"Neftçi" rəhbərliyinin bu addımı hər şeydən əvvəl öz azarkeşlərinə hörmətsizlikdi. Mövsümboyu onların oyunlarını izləmək üçün min bir əziyyətə qatlaşan, ciblərində olan-qalan pulu komanda üçün qurban verən "Forza Neftçi" Azad Azarkeş qrupunun üzvləri və “ağ-qara” rəngə könül verən digər fanatlar belə münasibətə layiq deyillər. Neytral futbol azarkeşi isə 50 manatı nəticəsi heç bir önəm kəsb etməyən oyuna verməkdənsə, üstünə bir az da pul qoyub Avropa Liqasının finalına bilet alar.

Görəsən, “Neftçi” rəhbərliyi bu səhər nə yeyib ki, birdən-birə bu biabırçı qərarı verib?

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest