çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində dünən keçirilən "Ayaks" - "Tottenhem" qarşılaşması ikinci finalçının adına aydınlıq gətirib. Matc.az xəbər verir ki, səfər qələbəsi (3:2) sayəsində adını finala yazdıran "Tottenhem" bir neçə rekordla yadda qalıb.

Het-trik edərək qarşılaşmanın qəhrəmanına çevrilən yarımmüdafiəçi Lukas Moura yarımfinal mərhələsində buna nail olan 5-ci oyunçu olub. Ona qədər cəmi 4 futbolçu - Alessandro Del Pyero, İvitsa Oliç, Robert Levandovski və Kriştianu Ronaldo yarımfinal görüşündə 3 qol vurmuşdu.

Tarixində ilk dəfə finala yüksələn "Tottenhem" bunu bacaran 5-ci İngiltərə təmsilçisi olub. Buna qədər "Arsenal", "çelsi", "Liverpul" və "Mançester Yunayted" çempionlar Liqası adı altında turnirin həlledici matçında iştirak imkanı qazanıb. Bu göstərici ilə İngiltərə ilk pilləyə yüksəlib və İspaniyanı (4 klub) qabaqlayıb.

çempionlar Liqası tarixində ikinci dəfə finalda İngiltərə dueli olacaq. 2008-ci ildən sonra bu göstəricini "Tottenhem" və "Liverpul" təkrarlayıb. 11 il əvvəl "Mançester Yunayted"lə "çelsi" Moskvadakı final görüşündə üz-üzə gəlmişdi. Bundan əvvəl, 1971-72 mövsümündə "Tottenhem"lə "Vulverhempton" UEFA Kubokunun finalında qarşılaşıb.

"Tottenhem" qitənin ən nüfuzlu klub turnirində final həyəcanı yaşayacaq 40-cı klub olacaq. Londonlular həm də 2008-ci ildən bəri yeni finalçıdı.

"Tottenhem" eyni zamanda 1999-cu ildən sonra yarımfinalda 2 top fərqi ilə geridə olduğu oyunu çevirən ilk komanda olub. Axırıncı dəfə 20 il əvvəl "Mançester Yunayted" "Yuventus"la görüşdə bu göstəriciyə (3:2) imza atmışdı. Həmin mövsüm "qırmızı şeytanlar" finalda da "Bavariya"nı məğlub etmişdi (2:1).

Qeyd edək ki, "Liverpul"la "Tottenhem" arasında final matçı iyunun 1-də Madriddə, "Vanda Metropolitano" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest