Tomas Müller bir komandada keçirdiyi oyunların sayına görə rekordçu olub.
Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun Zaqreb "Dinamo"su ilə oyununda (9:2) iştirak edən "Bavariya"nın 35 yaşlı hücumameyilli yarımmüdafiəçisi Tomas Müller bir komandada keçirdiyi oyunların sayına görə rekordçu olub. O, Avropanın əsas klub turnirində (152 oyun) "Barselona"nın keçmiş yarımmüdafiəçisi Xavinin nailiyyətini (151 oyun) ötüb.
Matc.az xəbər verir ki, bu barədə "Opta Sport" "X" sosial şəbəkəsində məlumat yayıb.
Almaniyalı yarımmüdafiəçi oyunun 68-ci dəqiqəsində əvəzetmədən meydana çıxıb və bir məhsuldar ötürmə edib.
Çempionlar Liqasında ümumi 152 oyuna çıxan Müller 54 qol vurub və 34 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 35 yaşlı futbolçu 2009-cu ildən Münhen klubunun əsas komandasında çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 711 oyunda iştirak edib, 245 qol vurub və 269 məhsuldar ötürmə edib.