Azərbaycan yığması UEFA Millətlər Liqasında sabah nğvbəti oyununa çıxacaq. "Misli"nin təşkilatçılığı ilə Koşitseyə ezam olunmuş matc.az saytının əməkdaşının veridiyi məlumata görə, yığmamızın üzvü Toral Bayramov Slovakiya ilə oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəla hamını salamlayıram. Sabah bizi çox yaxşı komanda ilə oyun gözləyir. Slovakiya yığması son Avropa çempionatında yaxşı təsir bağışlayıb. Biz baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə, qələbə qazanmağa çalışacağıq.
- Toral, bizi Slovakiya ilə ağır oyun gözləyir. Yığmadan qələbə gözləyə bilərikmi?
- Bir daha vurğulayıram ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirməliyik. Belə gücümüz var. İnşallah, sabah hər şey yaxşı olacaq.
- “Qarabağ”da və yığmada fərqli mövqelərdə oynayırsan. Hansı mövqe sənə rahatdı?
- Özümü heç bir mövqedə narahat hiss etmirəm. Baş məşqçi şans versə, əlimdən gələni edəcəm.
- İsveçlə oyundan sonra penalti məsələsi çox müzakirə olundu. Millidə o məsuliyyəti üzərinə götürməyə hazırsanmı?
- Bu sual mənə ünvanlanmalı deyil. Baş məşqçiyə verməlisiz. Keçmişlə yaşamırıq. Gələcəyi düşünməliyik. Slovakiya və İsveç üzərində qələbələr olub, ancaq nə qədər də məğlubiyyətlər var.
- Ramil Şeydayevlə Emin Mahmudov arasındakı penalti məsələsinə münasibətiniz. Şeydayevin hərəkəti düz idi, yoxsa səhv?
- Bununla bağlı fikir bildirmək istəmirəm. Amma Eminə demişdim ki, penaltini sən vuracaqsan.