“Araz-Naxçıvan”nın baş məşqçisi Elmar Baxşıyev qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Azərbaycan Premyer Liqasının II turunda “Araz-Naxçıvan” ev oyununda “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun alındı. Hər iki komanda meydanda hücum futboluna üstünlük verirdi. Bilirdik ki, “Şamaxı” yeni komanda olsa da, Ayxan Abbasov həmişə əzmkar komanda formalaşdırır. Ona görə də komandanı həftə ərzində ağır oyuna kökləyirdik. Futbolçular verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışırdı. Getdikcə daha yaxşı səviyyəyə qalxmağı ümid edirik. Bu komanda yaxşı siqnallar verir ki, hücum fazasında daha məzmunlu, daha da yaxşı oynasın. Futbolçularımı təbrik edirəm. İlk qələbəmizdir. İstədiyimiz yerə çatmaq üçün daha çox çalışmaq lazımdır.
- Futbolçularınızda sanki yorğun var idi...
- Oyuna biz nəzarət edirdik, oyunun tempini futbolçularım qaldırıb-salırdısa, o baxımdan yorğunluq yox idi. Hələ ikinci turdur, bunu normal qəbul etmək lazımdır. İkinci tura komanda tam hazır ola bilməz. Getdikcə daha optimal formaya yaxınlaşacağıq.
- İlk turla müqayisədə qapıda dəyişiklik etdiniz. Bunun səbəbi nədir?
- Tərlanı səhvə görə ehtiyatda saxlamadıq. Hər iki qapıçıya şans verəcəyik.
- Çempionatda hədəfiniz nədir?
- Hədəf ikinci tura görə deyilmir. O hədəfi “Qarabağ” deyə bilər, çünkü onlarda neçə illərin oturuşmuş heyəti var. Amma bizim kimi komandalar daha çox növbəti oyunlara köklənir. Oynadıqca, qələbələr qazandıqca hədəfdən danışmaq mümkündür.
- Müdafiədə yeni oyunçu axtarışında idiz. Axtardığınızı tapdız?
- Xeyir, tapmamışıq, amma axtarışlar davam edir.