Azərbaycan yığmasının sabiq futbolçusu Elvin Məmmədovun matc.az saytına müsahibəsi

- Başa çatan 2023/2024 mövsümü ən çox hansı məqamlarla yadda qaldı?

- Premyer Liqamızda maraqlı mübarizə getdi. Rəqabətli çempionat izlədik. Ən çox da son turlarda gərgin mübarizənin şahidi olduq. 2-4-cü yerlər uğrunda bir neçə komanda yarışdı və bu pillələrin sahibləri son turdan sonra müəyyənləşdi. Şəxsi mənada isə mövsüm mənim üçün B kateqoriyalı məşqçilik kursundan keçməyimlə yadda qaldı.

- “Qarabağ” əsas qapıçısı Andrey Lunyovla yolları ayırdı və onun yerinə Fabian Buntiçi transfer etdi. Sizcə, Lunyovun gedişi Ağdam klubuna avrokubok oyunlarında problem yarada bilər?

- Lunyovun gedişini “Qarabağ” üçün itki saymaq olar. Onun yerinə yeni qolkiper transfer edilib. Ümid edirəm ki, yeni gələn qapıçı Lunyovdan da yaxşı olacaq.

- “Zirə”ni mövsümün əvvəlindən göstərdiyi oyuna görə qınayanlar az deyildi. Amma Rəşad Sadıqovun komandası sonda lazım olan nəticəni qazana bildi və hər iki turnirdə yalnız “Qarabağ”dan geri qaldı. Bu barədə nə deyə bilərsiniz?

- “Zirə” komandasını təbrik edirəm. Nail olduqları nəticə göz qabağındadı. Oyunlarını bəyənməyənlər ola bilər. Amma nəticəyə görə hər kəsə deyə biləcək arqumentləri var.

- Digər sabiq komandanız “Qəbələ”nin I Liqaya düşməsinin səbəbini nədə görürsünüz? “Qəbələ” növbəti il Premyer Liqaya qayıda biləcək?

- Çox səbəb var idi. Amma bu, artıq danışılası mövzu deyil, çünki komanda Premyer Liqanı tərk edib. “Qəbələ” üçün pis oldum. Lakin futbolda hər şey mümkündü. İnanıram ki, gələn il Premyer Liqaya qayıdacaqlar.

- Avrokuboklarda çıxış edəcək komandalarımızdan hansı nəticəni gözləyirsiniz?

- Hər bir komandamıza uğurlar arzu edirəm. Püşkatmada bəxtlərinə düşəcək rəqiblərdən çox şey asılıdı. Klublarımız nə qədər çox mərhələ keçsələr, Azərbaycan futbolu üçün bir o qədər yaxşıdı.

- “Qarabağ”dan başqa hansısa klubumuz qrupa düşə bilər?

- Çətin olar. Avropa təcrübələri az olduğuna görə belə deyirəm. Amma futbolda hər nəticə mümkündü.

- Azərbaycanda kimi və ya kimləri 2023/24 mövsümünün ən yaxşı oyunçusu adlandırmaq olar?

- “Qarabağ”ın futbolçularını fərqləndirərdim. Bu mövsüm “qızıl dubl” etdilər. İki oyunçunu xüsusi qeyd edərdim. Bunlar Bəhlul Mustafazadə və Marko Yankoviçdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest