Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı mövsümün sonunda klubu “Yurqorden”dən ayrıla bilər. Matc.az xəbər verir ki, bunu 22 yaşlı futbolçu özü İsveç mətbuatına açıqlamasında gizlətməyib.

Stokholm təmsilçisində az oyun vaxtı əldə etməsindən narahat olan forvard yayda komandasını dəyişə biləcəyini istisna etməyib.

O, rəhbərliklə danışıq aparılacağını etiraf edib: “Gələcəyimlə bağlı indidən nəsə deyə bilmərəm. Qarşıda hələ çox oyun var. Əlbəttə ki, yayda danışıqlar masası arxasında əyləşəcəyik. İndi bir araya gəlib danışsaq da, heç nəyə nail ola bilməyəcəyik. Çünki transfer pəncərəsi hələ də bağlıdı”.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”ə mövsümün əvvəlində “Qarabağ”dan keçib. Onun isveçlilərlə müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest