Milli komandamızın hücumçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” bu gün İsveç çempionatında növbəti matçına çıxacaq. Matc.az xəbər verir ki, adıçəkilən kollektiv 9-cu tur çərçivəsində “Brommapoykarna” ilə üz-üzə gələcək.
İştirak ərizəsini açıqlayan “Yurqorden”in məşqçilər korpusu səfər matçına 20 futbolçu aparmağı lazım bilib. Bu siyahıda Qurbanlının adı yoxdu. Belə ki, çempionatın cari mövsümündə cəmi 2 oyunda şans qazanan Musa yenə “20-liy”ə düşə bilməyib. Qurbanlının yer almadığı iştirak ərizəsinə cəza müddəti bitdiyi üçün geri qayıdan Tokmak Nquenin adı daxil edilib.
“Brommapoykarna” - “Yurqorden” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Aktivində 16 xal olan Qurbanlının komandası hazırda turnir cədvəlində 3-cü pillədə yer alıb.
Qeyd edək ki, “Yurqorden”ə 2023-cü ilin yayında transfer olunan Musa Qurbanlının komandasını dəyişəcəyi gözlənilir.