“Kəpəz”in futbolçusu Əli Səmədovun matc.az saytına müsahibəsi

- Ölkə çempionatının XXXII turunda səfərdə "Qəbələ"ni məğlubiyyətə uğratdınız. Rəqibi nəyin hesabına üstələdiyinizi düşünürsünüz?

- Oyuna çox ciddi hazırlaşmışdıq. “Qəbələ” ilə aramızdakı xal fərqinin çox olmasına baxmayaraq, ən vacib matçlarımızdan biri idi. İstəyin və düzgün oyun planının, taktiki sxemin hesabına qələbə qazandıq.

- Bu görüşdən sonra "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirəcəyi dəqiqləşdi. "Kəpəz"in Premyer Liqada qalmağına sevinməklə yanaşı, "Qəbələ" kimi yaxşı infrastruktura malik klubun Premyer Liqanı tərk etməsi sizi məyus edirmi?

- Əlbəttə, “Qəbələ”nin Premyer Liqanı tərk etməsini istəməzdim. Özüm 12 yaşımdan 19 yaşımadək “Qəbələ” akademiyasında futbol oynamışam, hər yaş qrupunda çempionluq görmüşəm. “Qəbələ” mənim üçün doğma məkandı. Bu baxımdan yüksək dəstəni tərk etməsini istəməzdim. Amma reqlamentə əsasən, necə olacaqsa, onunla razılaşmalıyıq. Mənə elə gəlir ki, “Qəbələ”nin Premyer Liqanı tərk etməsini heç kim istəməz.

- Cari mövsümü "Kəpəz" üçün ümumilikdə necə dəyərləndirirsiniz?

- Cari mövsümü “Kəpəz” üçün uğurlu hesab edərdim. Qarşımıza qoyulan minimum hədəfə çatdıq, Premyer Liqadakı yerimizi qoruduq. Bu, komanda üçün uğurdu.

- Növbəti turda "Sumqayıt"la üz-üzə gələcəksiniz. Bu oyundan xal və ya xallarla ayrılmaq mümkün olacaq?

- Bizim üçün hər oyun ağır keçir. “Sumqayıt”la matç da belə olacaq. Onlara səfərdə qalib gəlməyimizə baxmayaraq, budəfəki görüşün daha ağır keçəcəyini bilirik. Əlimizdən gələni edərək “Sumqayıt”la qarşılaşmada xal və ya xallar qazanmalıyıq.

- Son 4 turda hədəfiniz nə olacaq? Mövsümü 8-ci pillədə bitirə biləcəksiniz?

- Hədəfimiz turnir cədvəlində daha yuxarılarda qərarlaşmaqdı. Bunun üçün də əlimizdən gələni edirik. Nə qədər yuxarı pillələrdə qərarlaşsaq, bizim üçün, “Kəpəz”in adı üçün o qədər yaxşıdı.

- Adil Şükürov baş məşqçi postuna gətirilməsəydi, "Kəpəz" Premyer Liqa ilə vidalaşa bilərdi?

- İlk turlarda komandanın vəziyyəti yaxşı deyildi. Futbolçular bir-birlərinə uyğunlaşmamışdılar, ardıcıl məğlubiyyətlərdən sonra ruhən çökmüşdük. Adil müəllimin əziyyəti danılmazdı. Komandanı toparladı və o vəziyyətdən çıxartdı.

- Növbəti mövsümdə daha iddialı "Kəpəz" görə biləcəyik?

- Daha iddialı “Kəpəz”i hər kəs görmək istəyir. İnşallah, növbəti mövsümdən kluba sponsor cəlb olunar və daha iddialı “Kəpəz” görərik. Bir gəncəli kimi mənim də ən böyük arzularımdan biri budu ki, komanda yuxarı pillələr uğrunda mübarizə aparsın.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest