“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun matc.az saytına müsahibəsi

- “Turan Tovuz” adətən “Neftçi”yə çətinlik yaşatmağı bacarırdı. Amma bu dəfə fərqli ssenarinin şahidi olduq, “Neftçi” 3:0 hesablı qələbə qazandı...

- Hesab oyuna görə olmadı. Matça yaxşı başlasaq da, diqqətsizlikdən ilk qolu buraxdıq. Daha sonra qapımıza penalti təyin edildi. Heç o epizodda rəqibin böyük təzyiqi də yox idi. Futbolçumuzun fərdi səhvi rəqibə həmin 11 metrlik cərimə zərbəsini qazandırdı. Bundan sonra da qol epizodlarımız oldu. Başabaş oyun gedirdi. Deyim ki, “Neftçi”nin böyük üstünlüyü var idi, elə deyildi. Amma futbolçuların fərdi keyfiyyəti nəticədə rol oynadı. İkinci hissəyə də yaxşı başlamışdıq. Bəzi dəyişikliklər etdik, bəzilərini də etməyi düşünürdük. Lakin qırmızı vərəqə oyunun taleyini həll etdi. Çünki “Neftçi” ilə görüşdə 10 nəfərlə hücum etmək, qol vurmaq çətindi. Amma 10 nəfərlə qalsaq belə, komanda hücumdaydı, rəqibin müdafiəsini yarmaq istəyirdik. Üçüncü qolu da penaltidən buraxdıq. Əlbəttə, çempionatın sonu yaxınlaşdıqca gərginlik artır, futbolçuların psixoloji durumu çətinləşir. Bu oyunda gördük ki, bəzi futbolçularımız bu yükü daşımağa çətinlik çəkdilər.

- Ümumiyyətlə, komanda son 2 turda böyük hesabla uduzur. Bunun səbəbini nədə görürsünüz?

- Əlbəttə, son 2 oyunda bu hesablarla uduzmaq fikrimiz yox idi. Bəlkə də “Sumqayıt”la oyun bizim üçün daha vacib idi. Həmin görüşdə qələbə qazana bilsəydik, avrokubok iddiamızı sonadək davam etdirəcəkdik. Futbolçularım həmin oyunu da pis keçirmədilər. Qol epizodlarını dəyərləndirə bilsəydik, başqa nəticə olacaqdı. Otto Conun 2 real epizodu, Fəridin qol şanslarını yada salardım. Bir tərəfdən sevinirəm ki, komandamız hər oyunda qol epizodları yaradır. Amma sonluğu gətirə bilmirik. Bir də bu iki oyunda, çempionatın ən önəmli vaxtında itkilərimiz çox oldu. Müdafiə xəttində Roderik Miller və Denis Marandiçinin olmaması üzündən rotasiyalara əl atdıq. “Sumqayıt”la görüşdə orta xəttimizdə də itkilər var idi. Bu da öz sözünü dedi. Məcburiyyətdən bəzi futbolçuları öz mövqelərində oynatmadıq. Bu ərəfədə, önəmli bir vaxtda heyətimizdəki itkilərin olmasını istəməzdim.

- Son uğursuz nəticələrdən sonra avrokuboka vəsiqə şansının əldən çıxdığını demək olar?

- Bu il son turlara qədər avrokubok şansımızın qalması bizim üçün uğurdu. Realist olmaq lazımdı. Keçən mövsüm belə bir şansımız yox idi. Bu mövsüm isə daha çox qışdan sonra komandanın uğurlu çıxışı, bir neçə oyun uduzmaması rəqiblərlə xal fərqinin azalmasına gətirib çıxartdı. Bu keçidi keçməliyik. Riyazi baxımdan hələ şansımız itməyib. Amma mən həmişə demişəm ki, avrokuboklara getməmək bizim üçün faciə olmayacaq. Çünki biz hələ yolun başlanğıcındayıq. Bugünkü mövcud problemləri keçə bilsək, gələcəkdə bizim üçün daha asan olacaq. Avrokuboklara getmək tək sözlə olmur. Buna komanda və klub şəklində, heyət baxımından hazır olmalıyıq. Bu 2 ildə istədiyimiz nəticələri əldə edə bilmişik, düz yoldayıq. Belə davam edəcəyimiz halda, növbəti mövsümlərdə iddialılar sırasında ola biləcəyik.

- Yayda heyətdə böyük dəyişikliklər olacaq?

- Dəyişikliklər olacaq. Çünki rəqabətin artması önəmlidi. Bəzi futbolçuları komandamıza cəlb etmək istəyirik. Axsayan mövqelərimiz var. Amma bu haqda hələ tam qərar verməmişik. Yekun qərarı son oyunlardan sonra verəcəyik. Son turlar bizim üçün önəmlidi. Hansı futbolçuların gələn mövsüm öz yükünü daşıya biləcəyinə əmin olmalıyıq.

- Daha çox hansı mövqeyi gücləndirmək istəyirsiniz?

- Konkret bir mövqe haqda düşünmürük. İlk növbədə, komandanın özəyini saxlamaq istəyirik. Hər il heyətdə çoxlu dəyişiklik edilməsi də komandaya mane olur. Amma hər mövqedə rəqabəti artırmağa çalışacağıq. Bu yöndə işlərimiz gedir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest