“Qarabağ”ın hücumçusu Juninyonu mövsümün sonunda komandada saxlamaq şansı getdikcə azalır. Matc.az xəbər verir ki, buna səbəb braziliyalı forvarda böyük marağın olmasıdı.
27 yaşlı “sambaçı” hazırda təkcə Türkiyə nəhənglərinin maraq dairəsində deyil. “Beşiktaş”a daha iki komanda rəqib olub. Bunlar “Alkmar” və “Tuluza”dı. Həm Niderland, həm də Fransa klubu yayda “Qarabağ”ın qapısını döyməyə hazırlaşır.
Juninyonun cari mövsümdəki performansı, xüsusən də, Avropa Liqasındakı parlaq çıxışı adıçəkilən klubların diqqətini çəkib. Onlar mövsümün sonunda hücum xəttindəki rəqabəti “Qarabağ”ın üzvü ilə artırmağı düşünür. Forvardın transfer dəyəri isə 8 milyon avroya bərabərdi.
Qeyd edək ki, Juninyonun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdi.