“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun matc.az saytına müsahibəsi:
 
- Son turda "Qarabağ"la oyunda hesabı açıb fasiləyə üstün yollansanız da, yekunda məğlubiyyətlə barışmalı oldunuz. Matçdan yaxşı nəticə ilə ayrılmaq üçün nə çatmadı?
 
- Evdə keçirdiyimiz görüşdə “Qarabağ”dan xal almaq, uduzmamaq istəyirdik. İlk hissəni daha yaxşı keçirdik. Fasiləyə 2 top fərqi ilə də yollana bilərdik. Amma qol imkanlarından tam istifadə etməyi bacarmadıq. Bilirdik ki, “Qarabağ”la matçda səhv etmək olmaz. Çünki belə oyunlarda səhvlər baha başa gəlir. Rəqib öz ustalığından istifadə etdi. İkinci hissədə “Qarabağ” təzyiqi artırdı. Standart vəziyyət zamanı səhv buraxdıq. Rəqib 2:1 hesabı ilə öndə olanda da qol epizodlarımız oldu. Təəssüf ki, yenə istifadə edə bilmədik. “Qarabağ” bizi oyunçuların ustalıq səviyyəsinə görə üstələdi.
 
- Matça əlavə olunmuş dəqiqələrdə qapınıza təyin olunan penalti birmənalı qarşılanmadı. Sizcə, həmin epizodda penalti var idi?
 
- Hakim toxunuşun olduğunu dedi. Ola bilər ki, rəqib oyunçu qarşısında qaçanda haradasa yüngül toxunuş olub. Amma görmüşük ki, belə epizodlarda qayda pozuntusu qeydə alınmayıb. VAR-dakı hakim də o epizodda penalti görmürdü. Lakin baş hakim epizodu penalti olaraq dəyərləndirdi. Matç bitmək üzrə idi, oyunun nəticəsinə çox böyük təsir etmədi. Ancaq qapımıza bu cür penaltinin təyin olunması bizə çox pis təsir edir.
 
- Növbəti turda "Səbail"in qonağı olacaqsınız. Bu görüşdən hansı nəticə ilə ayrılacağınızı düşünürsünüz?
 
- Dördüncü dövrəyə başlayırıq. Hər oyun final kimidi. “Səbail”in də şansı var, bizim də. Çətin oyun olacaq. Bilirik ki, “Səbail” evdə yaxşı oynayır. Biz də meydana nəticə qazanmaq üçün çıxacağıq. Çalışacağıq ki, “Səbail”lə görüş də daxil olmaqla, ümumən 4-cü dövrədə yaxşı çıxış edək.
 
- Geridə qalan 3 dövrə ərzində "Turan Tovuz"un ümumi çıxışını necə qiymətləndirirsiniz? Hazırkı mövqeyiniz və toplanılan xalların sayı sizi qane edir?
 
- İlk 2 dövrədə stabil oynamışdıq. Üçüncü dövrədə isə daha yaxşı çıxış etdik. Birinci və ikinci dövrədə buraxdığımız səhvləri azaltdıq. Vaxt lazımdı. Bəzi futbolçularımız komandaya bu mövsüm qoşulublar. Birinci dövrədə adaptasiya prosesləri tam istədiyimiz kimi keçməmişdi. İkinci dövrədə komandaya daha yaxşı uyğunlaşdıqlarını gördük. Zədələr oldu. Buna baxmayaraq, qışdan sonra daha yaxşı çıxış etməyə başladıq. Əsas məsələ bunun sonluğunu gətirməkdi.
 
- İkinci pillədən cəmi 5 xal geri qalırsınız. Mövsümü ön sıralarda bitirmək, avrokuboklara vəsiqə qazanmaq şansınızdan faydalana biləcəksiniz?
 
- Hər şeyə sonuncu dövrədə aydınlıq gələcək. Əsas odu ki, zədələr, heyətdə itkilər olmasın. Çünki heyətdə itkilərin olması istər-istəməz nəticəyə təsir edir. Bacardığımız qədər yuxarı pillələrdə olmaq istəyirik. Bu şansdan istifadə edə biləcəyiksə, bizim üçün böyük nəticə sayılacaq. Edə bilməsək belə, əsas məsələ təməl qoymaqdı. Builki çıxışımız gələcəkdə bizə böyük fayda verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest