Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərovun müsahibəsi

73 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü dəfə qitə çempionu olmasından danışıb. 2017 və 2022-ci illərdə də eyni uğura imza atan Heydərov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarındakı hədəflərindən də söz açıb.

- Fransada qızıl medal qazandınız. Sizi bu münasibətlə təbrik edirik. Təəssüratlarınız necədir?
- Çox sağ olun. Növbəti dəfə çempion olmaq gözəl hissdir. Artıq üçüncü dəfə bunu bacarmışam. Titulu qoruyub saxlamağa çalışacağam.

- Belə yarışlarda ardıcıl qızıl medallar əldə etmək çətindir. Turnirdən əvvəl çempion olacağınıza inanırdınızmı?
- Bütün yarışlara çempion olmaq üçün gedirəm. Başqa heç nə fikirləşmirəm. Proqram və intizam düzgün olandan sonra qızıl medala inam daha da artır.

- Qitə miqyasında üçüncü dəfə qalib olmaqla Elçin İsmayılovun rekordunu (2000, 2001, 2005) təkrarladınız. Onun nailiyyətini üstələmək hədəfiniz var?
- Hansısa rekordu qırmaq hədəfi müəyyənləşdirməmişəm. Sadəcə, yeganə məqsədim çıxdığım bütün yarışlarda qələbə qazanmaqdır.

- Orxan Səfərov, Rüstəm Orucov və Məmmədli Mehdiyev kimi cüdoçuların karyerasını bitirməsindən sonra bütün diqqətin sizdə olması narahatlıq yaratmır? Bu təzyiqə hazırsınız?
- Mənim üçün heç nəyin fərqi yoxdur. Bir yolum var, o da Yay Olimpiya Oyunlarından Vətənə qızıl medalla qayıtmaq. Hazırda üzərimdə heç bir təzyiq hiss etmirəm.

- Paris-2024-də qızıl medal gözləntisi olan 2-3 idmançıdan birisiz. Debüt olimpiadanızda bunu bacara biləcəksiniz?
- Bu, cüdodur. Hər şey ola bilər. Təbii ki, mən də olimpiadaya qızıl medal üçün gedəcəyəm.

- Cüdo millisi Parisdə neçə mükafat əldə edə bilər?
- Hazırda heç nə deyə bilmərəm. Bunu zaman göstərəcək.

report

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest