"Milli komandanın hər bir oyununu izləmişəm. Yığmanın oyunu ötən illərlə müqayisədə fərqlənmir". Bunu matc.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov deyib.
 
Hazırda II Liqada çıxış edən "Kür-Araz" klubunun formasını geyinən 40 yaşlı yarımmüdafiəçi yığmamızın yer aldığı qrupu dəyərləndirib: "Milli qrupda normal xal qazana bilərdi. Yığmanın başında hər hansı bir yerli mütəxəssis olsa, inanmıram ki, bugünkündən pis nəticəmiz olsun. Hazırkı millini legioner məşqçinin çalışdırmasının mənası yoxdur. Əsas ölkə çempionatını gücləndirmək və yeni futbolçu nəslini yetişdirmək lazımdır".
 
Onun fikrincə, azərbaycanlı futbolçular legioner həyatı yaşamaqda maraqlı olmalıdılar: "Nə qədər gənc oyunçumuz legioner həyatı yaşasa, bir o qədər yığmamıza faydalı olar. Futbolçularımız Azərbaycan çempionatında oynaya-oynaya millimizin yüksək nəticələrə imza atacağına inanmıram. Digər ölkələrə fikir verəndə görürük ki, bir neçə futbolçusu Avropa klublarında oynayır. Bu da nəticə qazanmalarında böyük rol oynayır".
 
Qeyd edək ki, Ramazan Abbasov 2006-2007-ci illərdə Azərbaycan millisinin heyətində 14 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest