"Neftçi"də çoxlu dəyişikliklərin olmasından xəbərdaram". Bunu matc.az saytına açıqlamasında "ağ-qaralar"ın sabiq futbolçusu Georgi Adamiya deyib.
 
Gürcüstanlı keçmiş hücumçu "Neftçi"nin rəhbər və futbolçu heyətində edilən dəyişikliklərə münasibət bildirib. O, ilk vaxtlar çətinliklərin olmasını normal qarşılayır:
 
"Bilirəm ki, klubun prezidenti, baş məşqçisi dəyişib, komandaya bir neçə yeni futbolçu gəlib. Birdən-birə bu qədər dəyişiklik edən klubun dərhal nəticə verməsi çətindir. Yeni rəhbərliyə, məşqçilər korpusuna və futbolçulara "Neftçi"nin əvvəlki əzəmətini qaytarmaq üçün vaxt lazımdı".
42 yaşlı mütəxəssis keçmiş komandasının cari mövsümdəki şanslarını dəyərləndirmək üçün hələ erkən olduğunu düşünür: "Neftçi"nin qarşısına həmişə yüksək hədəflər qoyulub. Komanda daim mövsümə çempion olmaq və ölkə kubokunu qazanmaq iddiası ilə başlayıb. "Neftçi"nin cari mövsümə də bu istəklə start verdiyinə əminəm. Komandanın hazırkı vəziyyəti ilə bağlı konkret danışmaq olmur. çünki mövsüm hələ yeni başlayıb. Heç olmasa mövsümün yarısı və ya 4 dövrədən birincisi bitməlidi ki, "Neftçi"nin gücü və çempionluq şansları haqda fikir bildirə bilək".
 
Qeyd edək ki, Georgi Adamiya 2004-2008-ci illərdə "Neftçi"nin formasını geyinib. O, Azərbaycanda "Bakı" (2008-2010), "Qarabağ" (2010-2012) və "İnter" (2012-2013) klublarında da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest