Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Bakıya qayıdıb. Matc.az xəbər verir ki, Azərbaycan ağırlıqqaldıranlarını və federasiya nümayəndələrini könüllülər, idmançıların yaxınları, azarkeşlər və media nümayəndələri coşğu ilə qarşılayıblar.
 
Azərbaycan millisinin üzvü ömər Cavadov (73 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında İrəvanda baş verən hadisə ilə bağlı bunları söyləyib:
 
"Hadisə zamanı orada deyildik. Erməni təxribatı səbəbindən yarışdan imtina etdik. Ermənistan tərəfi həmişəki kimi, bu dəfə də idmanı siyasətə qatıb. Oraya bayrağımızı qaldırmağa getmişdik. Amma onların etdikləri hərəkət düzgün deyildi. Bayrağımız hər şeydən ucadır. Buradan bütün millətimizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezidentimizə, vitse-prezidentimizə təşəkkürümüzü bildiririk ki, bizə bu cür qayğı göstərdilər, vətənimizə qaytardılar".
 
ömər Cavadov artıq qarşıdakı yarışlar barədə düşünəcəklərini vurğulayıb: "Bundan sonrakı yarışlarda da əlimizdən gələni edəcəyik ki, bayrağımız daim ucalsın. İrəvandakı yarış olimpiadaya xalı qazanmaq baxımından bizim üçün önəmli idi. Ancaq qarşıda başqa yarışlar da olacaq".
 
Xatırladaq ki, Aç-nin ötən gecə keçirilən açılış mərasimində Azərbaycan bayrağının yandırılması səbəbindən ağırlıqqaldıranlarımız Avropa çempionatında yarışmaqdan imtina ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest