"Millidən zəng gözləyirdim, ancaq bunun Pyatsa zədələnmədən baş verməsini istərdim. ümid edirəm ki, o, ən qısa zamanda sağalar və yenidən dəvət alar". Matc.az saytı xəbər verir ki, bunu Xorvatiya yığmasının hücumçusu Bruno Petkoviç deyib.

Marko Pyatsanın zədələnərək sıradan çıxması ehtiyat heyətdə adı olan Petkoviçə əsas komandada debüt etmək imkanı yaradıb. Zaqreb "Dinamo"sunun forvardı AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlar üçün "24-lüy"ə salınıb.

Müqavilə ilə "Bolonya"ya məxsus olan 25 yaşlı futbolçu ən böyük arzusuna çatdığını söyləyib: "Daliçdən zəng gəldiyi və milliyə dəvət aldığım üçün çox məmnunam. Hər zaman demişəm ki, karyeram ərzində ən böyük hədəfim Xorvatiya yığmasının formasını geyinməkdi. Bunun üçün daim əlimdən gələnin ən yaxşısını edəcəm. ümid edirəm ki, qarşıdakı iki oyunda komanda yoldaşlarımın və özümün gözləntilərini qarşılaya biləcəm".

Petkoviç debüt matçında qol vurmaq arzusunu da gizlətməyib: "Təbii ki, əsas məqsəd qarşıdakı iki oyunu itkisiz başa vurmaqdı. Heyətdəki bir çox problemlərə baxmayaraq, hazırkı komanda da Azərbaycan və Macarıstanı məğlub etmək gücündədi. Ancaq debüt oyunumda qol vurmaq möhtəşəm olardı. Baş məşqçi şans versə, Azərbaycanla qarşılaşmada fərqlənməyə, komandamın qələbəsinə töhfə verməyə çalışacam".

Qeyd edək ki, martın 21-də Zaqrebdə millimizi qəbul edəcək xorvatlar bundan 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest