"Turan Tovuz"un icraçı-direktoru Nadir Nəbiyevin matc.az saytına müsahibəsi

- Premyer Liqanın ilk 14 turunda toplanılan 16 xalı debütant komanda üçün necə qiymətləndirmək olar?
- Desəm ki, bunu gözləyirdim, düzgün olmaz. Mövsümün əvvəlində qarşımıza konkret hədəf qoymamışıq. Hansısa gözləntimiz yoxdu ki, filan qədər xal toplamalı, hansısa yeri tutmalıyıq. çalışırıq gücümüz çatan qədər xal qazanaq.

- Yeni qurulmuş kollektiv üçün bunu uğurlu start saymaq olar?
- Ən azı uğursuz deməzdim. Komanda 9 ildən sonra Premyer Liqaya yüksəlib, heyəti yeni yığılıb. Bəlkə də, bundan da çox xal toplaya bilərdik. Düşünürəm ki, bəzi oyunlarda qələbə qazanmaq olardı. Yenə də toplanılan 16 xalı qənaətbəxş hesab edirəm.

- Mövsümün əvvəlində 14 tura 16 xal deyilsəydi, razılaşardınız?
- Bəlkə də, razılaşardım. çünki tamamilə yeni qurulan komandadı, futbolçular bir-birlərini tanımırlar. Müəyyən çətinliklərimiz də var idi. öz gücümüzə uyğun olan rəqiblərlə müqayisə aparsaq, fərq böyük olmasa da, nəticələrimizi uğurlu saymaq olar.

- Digər tərəfdən komandanız 14 matçda cəmi 10 qol vura bilib. Sabiq hücumçu kimi, qol yollarındakı sıxıntını nə ilə əlaqələndirərdiniz?
- Hər oyunda çox sayda qol epizodlarımız olur. Ancaq hücumda istədiyimiz performansı görmədik. Bəlkə də, daha çox qol vura bilərdik. Razıyam, 14 oyunda 10 qol böyük nəticə deyil. Əsasən bir top fərqilə qalib gəldiyimiz oyunlar çox olur. Əsas xalları belə qazanmışıq. Vurduğumuz qollara yox, nəticəyə önəm vermişik. Amma elə ola bilər ki, gələcəkdə bir qol da bəs eləmədi. çünki komandalar artıq bir-birlərini tanımağa başlayıblar.

- Azərbaycan kubokunun 1/8 final mərhələsində "Şamaxı"nı səfərdə 1:0 hesabı ilə məğlub etdiniz...
- İkinci dövrədə "Şamaxı"ya Tovuzda məğlub olmuşduq. Bizim üçün gözlənilməz yenilgi idi. Həm itkilərimiz var idi, həm də gözləmədiyimiz oyun sərgiləndi. çempionat ərzində hansısa matçı istənilən səviyyədə keçirməmək normaldı. "Şamaxı" ilə həmin qarşılaşmada elə olmuşdu. ölkə kubokundakı görüşün isə birinci hissəsini yaxşı keçirə bilmədik. Düzdü, rəqibə qol imkanları da vermədik. Həmçinin ikinci hissədə də. Amma bizim qoldan əlavə daha bir neçə şansımız oldu ki, yararlana bilmədik. Bu mərhələ bir oyundan ibarət idi və səfərdə çıxış edirdik. Əsas odu ki, bir qol komandamıza kifayət elədi, növbəti mərhələyə adladıq.

- 1/4 finalda "Kəpəz"lə qərb derbisi olacaq. Bu sizi yarımfinala ümidləndirir?
- İstər səfərdə, istərsə də evdə oynayaq, rəqibdən asılı olmayaraq, meydana qələbə üçün çıxırıq. "Kəpəz"lə duel artıq iki oyundan ibarət olacaq. çalışacağıq ki, mərhələni adlayan tərəf biz olaq.

- 1/4 final səddini adlasanız, yarımfinalda qeyri-stabil oynayan "Zirə" ilə "Neftçi" cütlüyünün qalibi ilə qarşılaşcaqsınız. "Turan Tovuz"un finala qədər irəliləmək şansını necə görürsünüz?
- Bizim üçün indi əsas "Kəpəz"lə görüşdü. Yarımfinala yüksələ bilsək, o zaman "Neftçi" – "Zirə" cütünün qalibi ilə qarşılaşacağıq. Ona kimi isə qış fasiləsində komandada müəyyən dəyişikliklər etməyə çalışacağıq. Əks təqdirdə bizə çətin ola bilər. çünki rəqiblərimiz güclüdü. Həm "Neftçi"nin, həm də "Zirə"nin heyətində güclü futbolçular var. Hər ikisi ilə oynamışıq, güclərinə bələdik. Əgər "Kəpəz"i keçə bilsək, finala bir addım qalacaq. Bu da bizi daha da ümidləndirəcək.

- Yaranan fasilədən sonra çempionatda ilk oyun "Sabah"a qarşı olacaq. Nəyə ümid edirsiniz?
- Böyük itkilərimizin olmasına baxmayaraq, hər matçda meydançaya xal, qələbə qazanmaq üçün çıxırıq. "Sabah"ın "Qarabağ"la çempionatdakı son matçını izləmişik. Hər iki komanda çox məzmunlu oyun ortaya qoydu. "Sabah"ın gücünü də bilirik. Birinci dövrədə onlarla üz-üzə gəlmişik. Heyətimiz kasaddı ki, bu da bizə problem yaradır. Cənubi Afrika millisində olan Xulu Siyanda da ciddi zədə aldı, çiynində sınıq aşkarlandı. üstəlik, Ehtiram Şahverdiyev də yenidən zədələndi. Həmçinin başqa zədəlilərimiz də var. Buna rəğmən "Sabah"dan xal almağa çalışacağıq.

- ümumiyyətlə, öz aranızda söhbət edəndə də avrokuboklara vəsiqə barədə söz açmırsınız?
- Kollektivi quranda əsas məqsədimiz təməli düzgün qurmaq, yaxşı heyət yığmaq, gələcəyin komandasını formalaşdırmaq idi. Komanda qələbə qazandıqca gözün turnir cədvəlində olur, özündən bir pillə irəlidə olan rəqibə çatmaq barədə düşünürsən. Belədə iddian daha da böyüyür. Xal sayın artdıqca daha irəli getmək istəyirsən. Biz də öz aramızda arada danışırıq ki, filan qədər qələbə qazansaq, 5-ci yerə yüksələrik, 4-cü pillədəkinə yaxınlaşarıq. Açığını deyim, mövsümün əvvəlində qarşımıza hansısa yeri tutmaq məqsədi qoymamışıq. Hamımızın əsas istəyimiz təməli düzgün qoymaqdır.

- Baş məşqçi Ayxan Abbasov ölkə çempionatında "Şamaxı" ilə görüşdən sonra azarkeşlərdən narazılığını bildirdi, hətta ayrıla biləcəyini söylədi. Həmin problemi necə yoluna qoydunuz?
- Qələbə qazananda hamı komandanın arxasında olur. Əsas məsələ məğlub olanda, dar gündə dəstək verməkdi. Həmin matçda bir neçə nəfər sərt formada etirazını bildirmişdi. Azarkeş komandadan qələbə görməyəndə emosiyalarını sərt formada göstərir. Bəzən belə hal yaşanır. Oyun ərzində olan bir şey idi. Ayxan müəllim matçın təsirindən belə açıqlama vermişdi. Sonra söhbətimiz də oldu. Ortada ciddi bir problem yoxdu. Həmin söz-söhbət, narazılıq elə o oyunda da qaldı.

- Artıq qış transfer çalışmalarına başlamısınız?
- Bəli, çalışmalar gedir. Ayxan müəllimin komandada görmək istədiyi, axtarışında olduğu futbolçular var. Büdcəmizin nə qədər olduğu da, onun haradan gəldiyi də bəllidi. Büdcəmizə uyğun hərəkət eləmək istəyirik. Yəqin ki, ilin sonuna qədər hansısa qərar veriləcək. Komandada dəyişikliklər etməyə çalışacağıq.

- Daha çox yerli, yoxsa əcnəbi transferi gözlənilir?
- Hələ mövsümün əvvəlində bir çox yerli futbolçu ilə danışıq apardıq. Amma bura gətirə bilmədik. Əgər yerli gətirə bilsək, əcnəbiyə üstünlük vermərik. Yerli tapmadıqda kənardan oyunçu axtarmağa başlayırıq. Məşqçilər korpusunun əsas istəyi ilk növbədə özümüzünkülərlə güclənməkdi. Bu alınmasa, ölkə xaricində axtarışlara başlayacağıq.

- Variantlar varmı?
- Bəli, var. Ayxan müəllim axtarışdadı, bu barədə daim söhbətlərimiz olur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest