Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirən "Qarabağ" Fransa klubu "Nant" üzərində möhtəşəm qələbə qazanıb. Matc.az saytı xəbər verir ki, rəqibini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edən Ağdam təmsilçisi fransızları darmadağınla yola salıb. Bu, Azərbaycan çempionunun qrupda ilk xallarını qazanmasına və qrupda 2-ci pilləyə yüksəlməsinə səbəb olub.

"Qarabağ" (Azərbaycan) – "Nant" (Fransa) – 3:0
Qollar: Kvabena Ovusu, 60, Abdullah Zubir, 65, Marko Yankoviç, 72
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu. Hakimlər: Enea Corcji, Denis Rexa, Ridiger çokay, Yuxin Xaka (hamısı Albaniya). VAR hakimləri: Luka Payretto, Cakomo Paqanessi (hər ikisi İtaliya)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 2. Qara Qarayev (k) (6. Julio Romao, 88), 8. Marko Yankoviç (7. Riçard Almeyda, 88), 19. Filip Ozobiç (77. Ramil Şeydayev, 62), 20. Kadi Borqes, 10. Abdullah Zubir (22. Musa Qurbanlı, 90+1), 11. Kvabena Ovusu (15. Leandro Andrade, 88)
Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
"Nant": 1. Alban Lyafon (k), 4. Nikolya Pallua, 2. Fabio, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 27. Moyzes Simon (11. Markus Koko, 76), 8. Samuel Mutussami (3. Andrey Jirotto, 76), 10. Lyudovik Blas, 17. Mussa Sissoko (5. Pedro çirivelya, 64), 14. İqniatius Qanaqo (7. Evann Gessan, 64), 31. Mostafa Mohamed (12. Dennis Appia, 84)
Ehtiyat oyunçular: 16. Remi Deşam, 30. Denis Petriç, 29. Kentin Merlin, 55. Abdul-Kader Bamba
Baş məşqçi: Antuan Kombuare

"Qarabağ"da 2, "Nant"da 5 dəyişiklik
Qurban Qurbanov "Frayburq"la ötən turdakı oyunun "11-liy"ində 2 dəyişiklik etmişdi. Almaniyada ilk dəqiqələrdən meydanda olan müdafiəçi Toral Bayramov və hücumçu Ramil Şeydayev bu dəfə ehtiyada zamanını gözləməli idi. Onları müvafiq olaraq Elvin Cəfərquliyevlə Filip Ozobiç əvəzləyirdi. Bu dəyişikliklər də başadüşülən olmalıdı. çünki Frayburqda atletik oyunçulara ehtiyac var idisə, "Nant" önündə texniki bacarığı yüksək futbolçu meydanda olmalı idi. Şeydayev-Ozobiç dəyişikliyi də buna hesablanmışdı. "Sabah"la son çempionat qarşılaşmasında start heyətində yer alanlardan isə cəmi 4-ü yenə şans əldə etmişdi. Digər fərq ondan ibarətdi ki, "Frayburq"la görüşdə ehtiyatda oturan kapitan Maksim Medvedev zədə səbəbindən "23-lük"dən çıxarılmışdı.

Şeydayev-Ozobiç əvəzləməsi meydandakı düzülüşə də təsirsiz ötüşmədi. Xorvatiyalı pleymeyker mövqeyindəki yerini tutmuşdusa, Kadi Borqes yenidən sağ cinahdakı sevimli zonasına çəkilmişdi.

"Qarabağ"la müqayisədə daha geniş heyətə malik olan "Nant"da yenə müəyyən dəyişikliklər olmuşdu. Bu mövsüm müxtəlif sistemlərdən istifadə edən baş məşqçi Antuan Kombuare Bakıda 3-5-2 sxeminə üstünlük vermişdi. O, matçlarda tez-tez iştirak edən oyunçulardan Andrey Jirotto, Pedro çirivelya, Evann Gessan, Dennis Appia və Kentin Merlini bu dəfə ehtiyatda saxlamışdı. Təkcə qrupun 1-ci turunda "Olimpiakos"la görüşün heyəti ilə müqayisə aparsaq, çalışdırıcı 5 dəyişikliyə əl atmışdı.

Tribunalardan hərbçilərimizə dəstək
Son günlər cəbhə xəttində baş verən hadisələr indiki məqamda qarşılaşmanın önəmini birə-beş artırırdı. Həm rəqibin Fransa təmsilçisi olması, həm də UEFA-nın bir dəqiqəlik sükuta icazə verməməsi tribunaları dolduran azarkeşləri daha da aqressivləşdirmişdi. Matç hələ start götürməzdən əvvəl stadionu dolduran fanatlar müxtəlif şüarlar, mahnılarla həm komandaya, həm də döyüş bölgəsində olan hərbçilərimizə dəstək nümayiş etdirirdilər.

Sakit start, yuxulayan müdafiəçi…
İlk dəqiqələr bir növ kəşfiyyat xarakteri daşıdı. Komandalar oyuna ehtiyatlı başladı, daha çox nəzarəti ələ keçirmək mübarizəsi getdi. Müdafiədəki düzülüşü pozmadan az adamla hücuma çıxmaq cəhdləri hər iki tərəfdə uğursuz alınırdı. çünki top itkiləri gözləniləndən çox idi. "Qarabağ" daha çox sağ cinahdan hücumlar qurmağa köklənmişdi ki, bu da Abdullah Zubirin topla az rəftarına səbəb olurdu.

"Nant" da gücü eyni cinaha vermişdi. çünki mərkəz müdafiəsinin sağında yer alan Bəhlul Mustafazadə komanda yoldaşları ilə müqayisədə səhv dalınca səhv edirdi. Milli komandamızın üzvü kiçik pressinqlə üzləşən kimi, topu auta atmaqla rəqibə növbəti hücuma başlamaq imkanı yaradırdı. Bu hal ilk 15 dəqiqədə düz 3 dəfə təkrarlandı. "Nant"ın bu müddət ərzində yeganə qol vəziyyətində də məhz Bəhlul Moyzes Simonu nəzarətsiz qoymuşdu. 25 yaşlı müdafiəçi bir epizodda isə geriyə ötürmə zamanı topu Şahruddin Məhəmmədəliyevə deyil, rəqibin hücumçusu Mostafa Mohamedə verdi. Xoşbəxtlikdən təhlükə elə də böyümədi.

Şahruddinə növbəti həyəcanı da Simon yaşatdı. Nigeriyalı bu dəfə də Bəhlulu uşaq kimi keçərək zərbə mövqeyinə çıxdı və yenə Məhəmmədəliyev səddinə ilişdi. Mustafazadə müdafiədə yuxulayırdısa, Zubir və Ozobiç də irəlidə tez-tez top itkilərinə yol verirdi. Kadi də sağ cinahda "itdiyindən", hücumun mərkəzində yer alan Kvabena Ovusu tamamilə işsiz qalmışdı. Ot örtüyünün yaxşı vəziyyətdə olmaması da topla oynamağı sevən hücumçularımızın çıxışına təsirsiz ötüşmürdü.

10 dəqiqəlik üstünlük qolu gətirmədi
Yarımmüdafiəçilər Ovusunu ilk dəfə 36-cı dəqiqədə topla düz-əməlli təmin etdi ki, onda da komandamız az qala hesabı açacaqdı. Hər şeyi düzgün edən qanalı forvard zərbə anında inamsızlıq nümayiş etdirdi. ümumilikdə birinci hissədə "Qarabağ"da çatışmayan yeganə cəhət aqressivlik idi. Komanda çox soyuqqanlı görünür, tələsmədən oynayırdı. Yalnız hissənin sonlarında matça nəzarəti tam ələ keçirən Qurban Qurbanovun yetirmələri fasiləyə öndə yollanmağa çox yaxın oldu. Ancaq standart vəziyyətdən sonra Bədavi Hüseynovun başla fərqlənməsinə qapıçı əla seyvlə imkan vermədi.

"Qarabağ" fransızları 13 dəqiqəyə "dəfn etdi"
Birinci hissədən fərqli fasilədən sonra meydanda tam fərqli "Qarabağ" var idi. Ağdam təmsilçisi bu dəfə daha aqressiv və istəkli görünürdü. İkinci yarıya üstün başlayan komandamızın irəlidəki pressinqi "Nant"dakı boşluqları üzə çıxarmağa başladı. Hücum "dördlüy"ünün fəallığı artırması sayəsində fransızlar da müdafiədə səhvlər buraxırdılar. Bu üstün performans qısa müddətdə Azərbaycan çempionunun ardıcıl qolları ilə nəticələndi. Əvvəlcə Kadi-Zubir-Ozobiç paslaşması Ovusunu qapıçı ilə üzbəüz qoydu. Hücumçu bu dəfə şansı qaçırmayaraq hesabı açdı. Cəmi 5 dəqiqə sonra Kadi-Zubir tandemi fransızları ikinci dəfə mərkəzə dəvət etdi. İlk yarı ilə müqayisədə ikinci hissədə qarşısıalınmaza çevrilən Zubir çox keçmədən üçüncü topda da rol oynadı. Məhz onun başlatdığı hücumu Marko Yankoviç cərimə meydanı həndəvərindən gözəl zərbə ilə tamamladı.

İkinci yarıda meydanda yalnız bir komanda var idi – "Qarabağ". "Nant" futbolçuları "köhlən atlar"ın meydanda at oynatmasını, göstədiyi şounu izləməklə məşğul idilər. Bir sözlə, Antuan Kombuarenin komandası fasilədən sonra futbola fransız qalmışdı. Sona qədər rəqibə göz açmaq imkanı verməyən "Qarabağ" ilk qələbəsini darmadağınla qazandı və bu qalibiyyətlə çətin günlərdən keçən Azərbaycan xalqına təskinlik verdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest