Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bu gün "Turan Tovuz" futbol klubunun rəhbərliyi ilə görüşüb. Matc.az xəbər verir ki, görüşdə "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, eləcə də bu fondun Himayəçilər Şurasının sədri Vəli Qasımov və digərləri iştirak ediblər.
 
İcra başçısı çıxış edərək Tovuz futbolunun tarixindən söz açıb: "Köklü futbol ənənələrinə sahib olan Tovuz rayonuna xoş gəlmisiniz. Tədbirimiz Futbol İnkişaf Fondu və "Turan Tovuz" komandasının rəsmiləri ilə birlikdə Tovuz futbolunun bugünkü vəziyyəti, göstərilə biləcək köməklik və dəstəyi müzakirə etmək məqsədilə təşkil olunub. Tovuz futbolunun yaranma tarixi 100 ili ötüb. Bugünkü futbol ənənələrinin təməli isə müstəqillik dövründə qoyulmağa başlanıb. Belə ki, 1992-ci ildə "Turan" peşəkar futbol klubu yaradılıb. Qeyd etmək lazımdır ki, bu klub Azərbaycanın ilk peşəkar futbol klubu kimi tariximizə düşüb. Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə idmana və futbola göstərdiyi diqqət və qayğıdan bəhrələnən "Turan" get-gedə inkişaf edib və nəticədə 1993/94 mövsümündə Azərbaycan çempionu olub. Elə həmin ildə komanda daha bir ilkə imza ataraq Azərbaycanı avrokuboklarda təmsil edən ilk kluba çevrilib. 1995-ci ildə Amerikada təşkil olunan futbol turnirində iştirak edən komandamız Azərbaycanı Amerika qitəsində təmsil edən ilk klub statusuna da yiyələnib. Bütün bu faktlar "Turan Tovuz" klubunun nə qədər köklü və şanlı tarixə malik olduğunu göstərir. Sonralar "Turan Tovuz" Azərbaycan Premyer Liqasında nisbətən zəif çıxış etsə də, Tovuz futbolu öz inkişafını davam etdirib. Premyer Liqada çıxış edən klubların, Azərbaycan milli komandalarının heyətinə nəzər salsaq, Tovuz futbolunun yetirmələrini görə bilərik. Deməli, Tovuz futbolu hələ də inkişaf edir. Bizim hər birimiz bu inkişafa dəstək göstərməyə borcluyuq. Son dövrlər "Turan Tovuz" yenə yüksələn xətlə inkişaf etməyə başlayıb. Komandamızın Birinci Divizionda əldə etdiyi yüksək nəticələr buna əyani sübutdur. Azərbaycan prezidentinin, AFFA-nın dəstəyi ilə Tovuzda futbol akademiyası açılıb və istifadəyə verilib. Bunu tovuzlulara və Tovuz futboluna ölkə başçısının, eyni zamanda AFFA-nın xüsusi qayğısı və diqqəti kimi nəzərə almaq olar. Buna görə mən həm sizin, həm tovuzluların, həm də ümumilikdə bu bölgədəki futbol həvəskarları adından ölkə başçısına, AFFA rəhbərliyinə xüsusi minnətdarlığımı bildirirəm.
 
"Turan Tovuz" 2022/23 futbol mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etməyə haqq qazanıb. İnanıram ki, tovuzluların, bugünkü tədbirdə iştirak edənlərin birgə səyi nəticəsində "Turan Tovuz" öz köhnə şöhrətini bərpa edəcək. Bununla da komandamız yaxın gələcəkdə rayonumuzun adını həm ölkə daxilində, həm də ölkəmizin hüdudlarından kənarda, beynəlxalq arenalarda ən yaxşı şəkildə təmsil edəcək. "Turan Tovuz"a bundan sonrakı fəaliyyətində, Premyer Liqada böyük uğurlar arzulayıram. Bu klubun yaranmasında, bugünədək yaşamasında əməyi keçən hər bir kəsə tovuzlular adından xüsusi minnətdarlığımı bildirirəm. Bundan sonra da hər kəsi bu kluba dəstək olmağa çağırıram".
 
Daha sonra Futbolun İnkişaf Fondunun Himayəçilər Şurasının sədri Vəli Qasımova söz verilib. O, qısa danışıb:
 
"Turan Tovuz" tarix yazıb. Tovuz futbol şəhəridir. Tovuz çoxlu futbolçu yetişdirib, inanıram ki, bundan sonra da Azərbaycan futboluna yeni-yeni oyunçular bəxş edəcək".
 
Ardından Futbolun İnkişaf Fondunun sədri Tural Piriyev söz alıb: "Mən ilk növbədə icra başçısına bizə qarşı xüsusi münasibətə, bugünkü tədbirin təşkilinə görə minnətdarlığımı bildirmək istəyərdim. çünki biz əksər rayonlarda bu yöndə iş aparırıq. Amma Tovuzdakı münasibəti heç bir yerdə görməmişik. Fürsətdən istifadə edib bütün tovuzluları "Turan Tovuz"un uzun fasilədən sonra Premyer Liqaya qayıtması münasibətilə təbrik edirəm. İnanıram ki, bu bölgə yenidən Premyer Liqamıza rəng qatacaq.
 
Bizim Fondun əsas məqsədi region klublarına dayanıqlı maliyyə mənbələri tapmaq, onların dayanıqlı inkişafını təmin etməkdir. Klublarımızın daima kimdənsə asılı olmağını istəmirik. Dünyanın aparıcı futbol klubları bir biznes kimi idarə olunurlar. Biz də istəyirik ki, bizim klublar müəyyən vaxtdan sonra qazanc əldə edə, özlərini dolandıra bilsinlər. Əsas missiyalarımızdan biri də yerli camaatı klubun ətrafında güclü şəkildə birləşdirməyə kömək etməkdir. Bu il "Turan Tovuz"la "Kəpəz" Premyer Liqada iştirak hüququ qazandığı üçün hazırda əsas diqqətimizi Gəncə və Tovuza yönəltmişik.
 
Dayanıqlı maliyyə dedikdə, bir kluba il ərzində nə qədər maliyyə vəsaitinin lazım olduğunu bilmək önəmlidir. Hesablamalarımıza görə, bir klubun Premyer Liqada iştirak etməsi üçün ilkin olaraq 2 milyon manata ehtiyac var. Hazırda bunun müəyyən bir qismi federasiya tərəfindən təmin olunur. Klub indiki fəaliyyətini məhz bunun sayəsində davam etdirir. Amma biz də beynəlxalq və yerli təşkilatlarla danışıqlar aparırıq, müəyyən nəticələr də var. Eyni zamanda klublara sponsor tapmağa da kömək edirik. Klubların adından həm bir çox şirkətlə birbaşa görüşlər keçiririk, həm də müxtəlif təklif paketləri hazırlayaraq şirkətlərə, iş adamlarına göndəririk".
 
Tədbirdə "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev də çıxış edib. O, Tovuz Futbol Akademiyasında görülən işlər və üzləşdikləri çətinliklər barədə məlumat verib:
 
"Akademiyamız 2021-ci ilin yanvarından fəaliyyətə başlayıb. Akademiyada 8 yaş qrupu üzrə 200-ə yaxın uşaq futbolun sirrlərini öyrənir. Amma bu ildən on komandamız olacaq. Bu da hardasa 250 uşaq edir. Akademiyamızda 20-yə yaxın məşqçimiz var. Onların hər biri veteran futbolçularımızdır. Əsas məqsədlərimizdən biri akademiyamızda təhsil alan uşaqların gələcəkdə "Turan Tovuz"un oyunçusuna çevrilməsidir.
 
2012/13 mövsümündən etibarən "Turan Tovuz" elitanı tərk etdi, futbolumuzda durğunluq dövrü yaşandı. Bu müddətdə komandamız iki dəfə Birinci Divizionun qalibi, bir dəfə üçüncü olub. Amma maliyyə dayağımız olmadığına görə komandamız Premyer Liqaya yüksələ bilmirdi. Yeni mövsümdən isə komanda elida çıxış edəcək. Hazırda "Turan Tovuz" doğma meydanda yeni mövsümə hazırlaşır. Komandada 15 yeni futbolçu var. Baxışa gələn oyunçular da var ki, məşqçilər ən qısa zamanda onlarla bağlı qərar verəcəklər.
 
Birinci Divizionda iştirak etdiyimiz dönəmdə bizi yalnız buraxmayan azarkeşlərimizə minnətdarıq. Amma bundan sonra daha böyük dəstəyə ehtiyacımız var. Xüsusilə Futbolun İnkişaf Fondunun "Turan Tovuz"a dayanıqlı maliyyə mənbələri tapmaq yolunda kömək etməliyik. Qeyd etdiyim kimi, yeni mövsümdə 10 uşaq komandamız olacaq, üstəlik əsas və əvəzedici komandalarımız var. Lakin bu qədər komanda müqabilində cəmi bir avtobusumuz var. Bu da bizim üçün ciddi çətinlik yaradacaq. Əl-ələ verib bu sıxıntılarımızı aradan qaldırmalıyıq. Klubumuz adından daim bizimlə maraqlanan, dəstəyini əsirgəməyən icra başçısı Məmməd Məmmədova da təşəkkürümüzü bildirirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest