Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin iclası keçirilib.  Federasiyadan matc.az saytına verilən məlumata görə, toplantıda 9-10 aprel tarixlərində təşkil olunan Azərbaycan çempionatının nəticələri, yığma komandanın formalaşdırılması, beynəlxalq turnirlərdə iştirak və digər məsələlərlə bağlı müzakirələr aparılıb, bir sıra qərarlar qəbul olunub.
 
Qərara əsasən, Rizvan Rəsulov AAAF-ın baş katibi, Kamran Əliyev icraçı direktor, Emil Əliyev Azərbaycan milli komandalarının baş məşqçisi, Asif Məmmədov kişilərdən ibarət yığma üzrə böyük məşqçi, Sərdar Həsənov qadınlardan ibarət milliyə böyük məşqçi, Oktay Muxtarov isə yeniyetmələrdən ibarət komandaya böyük məşqçi təyin olunub.
 
Qeyd edək ki, yeni baş məşqçi Emil Əliyev uzun müddət millidə idmançı kimi çıxış edib. 45 yaşlı mütəxəssis dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışlarının iştirakçısı və medalçısı olub. O, ağır atletlər arasında üçqat Avropa çempionu, Dünya Kubokunun sahibi, dünya çempionatının gümüş medalçısıdır. Məşqçiliyə 2013-cü ildə başlayan Əliyev 2016-cı ildə "Zirvə" Beynəlxalq İdman Klublarında işləyib, 2017-ci ildən bu günə qədər isə fəaliyyətini Mərkəzi Ordu İdman Klubunda davam etdirib. O, 2017-18-ci illərdə gənc ağır atletlərdən ibarət yığmada məşqçi postunu tutub.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest