Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulacaq. Matc.az xəbər verir ki, turun son görüşündə çempionatın liderləri üz-üzə gələcək.
 
"Qəbələ" "Qarabağ"la qarşılaşacaq. Qəbələ şəhər stadionundakı matç noyabrın 29-da baş tutacaq.
 
Bu görüş rəqiblərin 63-cü dueli olacaq. İndiyədək 12 dəfə qalib gələn "qırmızı-qaralar" 19 qarşılaşmada heç-heçə edib. Digər 31 matçda isə Ağdam təmsilçisi qələbə qazanıb. 50 qol vuran "Qəbələ" futbolçuları öz qapısından 92 top buraxıb.
 
"Qəbələ" Premyer Liqada 52-ci dəfə "Qarabağ"la görüşəcək. İndiyədək keçirilən 51 oyunda 10 qələbəsi olan bu komanda 14 dəfə meydanı sülhlə tərk edibsə, 27 dəfə uduzub. Rəqib qapısına 42 dəfə yol tapan "qırmızı-qaralar" 78 top buraxıb.
 
"Qəbələ" 31-ci dəfə "Qarabağ"ı qəbul edəcək. Bu komanda əvvəlki ev oyunlarında 8 qələbə qazanıb, 10 heç-heçə edib və 12 dəfə uduzub. Bu görüşlərdə rəqib qapısından 29 top keçirən "Qəbələ" futbolçuları 39 qola üzülüb.
 
Noyabrın 29-da baş tutacaq "Qəbələ" – "Qarabağ" oyunu saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest