"Yarımfinalda oynamaq istəyirsənsə, bu hüququ qazanmalısan. Bu gün bunu edə bilmədik. Xüsusən ilk yarıda. Qoldan başqa vurğulanacaq yeganə müsbət məqam odur ki, qarşıda cavab oyunu var". Matc.az xəbər verir ki, bunu "Liverpul"un baş məşqçisi Yurgen Klopp deyib. 53 yaşlı mütəxəssis Çempionlar Liqasının 1/4 finalında "Real"a uduzduqları görüşdən (1:3) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
 
"Sadəcə, "Real"a problemlər yarada biləcək qədər yaxşı futbol oynamadıq. Onlar üçün vəziyyəti çox asanlaşdırdıq. Səhvlər ola bilər, amma biz bundan daha çoxuna layiq deyildik. İkinci hissədə yaxşı oynadıq və bir qol da vurduq. Bu, bizim həyat xəttimizdir. İlk yarıda Nabi Keytanı əvəzlədim. Çünki oyunu xoşuma gəlmədi. Amma tək səbəb bu deyildi. Əvəzləmə həm də taktiki idi. O mövqeyə daha bir neçə müdaxilə etmək istəyərdim. İkinci hissədə topla oynayanda xüsusilə intensivliyə ehtiyac duyduq. Səhv edərək, topu itirəndə "Real"ın sürətinə qarşı müdafiə oluna bilməzsiniz. Biz ən sadə vəziyyətlərdə belə topu itirdik. Topa sahib olmağı daha yaxşı bacarmalıyıq".
 
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest