17 Mart 2021, 11:13
                
                
                
                                ÇEMPİONLAR LİQASI 
                                
                
               
              
				 
 
	Futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın "Atalanta" klubu ilə oyun Madrid "Real"ının kapitanı Serxio Ramosla hücumçu Kərim Benzema üçün əlamətdar olub.
	Matc.az xəbər verir ki, hər iki futbolçu İspaniya klubunun 3:1 hesablı qələbəsinə bir qolla töhfə verib.
	Benzema 34-cü dəqiqədə hesabı açmaqla çL-də vurduğu qolların sayını 70-ə çatdırıb. Bununla da o, qitənin ən nüfuzlu klub turnirində 70 qol həddinə çatan 5-ci futbolçu olub. Fransız forvard bu baxımdan yalnız Kristiano Ronaldo (134), Lionel Messi (120), Robert Levandovski (72) və Raul Qonsalesdən (71) geri qalır.
	Serxio Ramos isə 60-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməklə çL-də qol sayını 15-ə çatdırıb. Bu göstəricidə Jerar Pike və İvan Elqueraya çatan təcrübəli ispan futbolçu, çL-də ən çox qol vuran müdafiəçilərin siyahısında yalnız Roberto Karlosdan geri qalır. Braziliyalı sol cinah müdafiəçisi vaxtilə bu turnirdə 16 qola imza atıb. Bu isə o deməkdir ki, Ramos bu mövsüm çL-də yenə fərqlənsə, həm Karlosa çata, həm də onu geridə qoya bilər.
	Onu da qeyd edək ki, Ramos çL-də 14 qolu olan Zinədin Zidan, Ronaldo Nazario, Adriano və Miroslav Klozeni də geridə qoyub.
				
         	
                                             
               
            
 










_1762260863.jpg)