İttihama görə Araz Abbasov onu təhqir edən, peysər deyərək aşağılayan 1991-ci il təvəllüdlü Qasımov Rəşad Sücaəddin oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.

Şabranda qonşusunu öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Cinayətə səbəb "peysər" sözü olub. Matc.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən 1992-ci il təvəllüdlü Abbasov Araz Adil oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
 
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
 
İttihama görə Araz Abbasov onu təhqir edən, peysər deyərək aşağılayan 1991-ci il təvəllüdlü Qasımov Rəşad Sücaəddin oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.
 
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
 
Araz Abbasov deyib ki, hadisə günü qonşusu Rəşad Qasımov məhəllədə onu təhqir edib. Gün ərzində bir neçə dəfə təhqir etdiyi üçün onu vurub.
 
Suallara cavab verən Araz Abbasov hadisənin tam təfərrüatını danışmayıb, deyib ki, istintaqdakı ifadəsində hər şeyi bildirib.
 
Məlum olub ki, Rəşad Qasımov məhəllədə ona "peysər" deyib. Bu zaman orada başqa tanışları da olub. Bunu qəbul etməyən Araz qisas almaq üçün Rəşadı bıçaqlayıb.
 
Rəşad Qasımov isə ifadəsində bildirib ki, onlar arasında heç vaxt söyüş olmayıb.
 
"Biz bir yerdə böyümüşük. Heç vaxt aramızda söz-söhbət olmayıb. Hadisədən bir gün qabaq Araza kimsə nəsə deyib. O da səhv başa düşüb. Mən onu söymərəm. Onu söymüş, özümü söymüş, heç bir fərqi yoxdur. O, mənim qardaşımdır"- deyə Rəşad Qasımov bildirib.
 
Zərərçəkmiş Araz Abbasovu bağışladığını deyib.
 
Prosesdə şahidlər Samir Qəhrəmanov və Elyar Zeynalov da dindirilib.
 
Bu zaman məlum olub ki, hadisədən bir gün əvvəl bu işdə adı çəkilən 4 nəfər birlikdə qumar oynayırmışlar. Samir Qəhrəmanov oyun zamanı "kartı paylayanın nəsil-nəcabətini öpüm" deyə ifadə işlədib. Bu söz Araz Abbasovun xoşuna gəlməyib və hirslənib.
 
Araz Abbasov məhkəmədə danışmasa da məlum olub ki, istintaq zamanı ifadəsində göstərib ki, həmin vaxt kartı puldan oynayırmışlar. Bu sözlərə hirslənərək əlində olan 5 manatı stola çırparaq oradan çıxıb.
 
Bundan başqa, Araz söyüş söyüb və hər üç şəxsə deyib ki, onları döyməyə gücü çatmaz, amma onlar istəsələr, onu döyə bilərlər.
 
Samir Qəhrəmanov deyib ki, "kartı paylayanın nəsil-nəcabətini öpüm" sözünü zarafata deyib.
 
"Biz tərəflərdə belə zarafat var. Mən öz aramızda bunu etmişəm. Kartı paylayan Araz deyildi. Sadəcə, anlaşmazlıq oldu. Axşam da Araz özü bizi yığdı. Görüşdük, danışdıq və barışıq oldu. Söhbətin sonradan niyə açıldığını bilmirəm"- deyə şahid qeyd edib.
 
Hakimin suallarından məlum olub ki, şahidlər və təqsirləndirilən şəxs hadisə barədə tam danışmaq istəmir.
 
Amma məlum olan budur ki, ortada ağır cinayət var. Araz zərərçəkmişin boyun nahiyəsinə də ağır zərbələr endirib. Zərərçəkən isə Arazın onu öldürmək niyyətinin olmadığını deyir. (musavat.com)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest