"Neftçi"də liderlik xarakterinin olmaması, çempionluğa hazır olmaması hələ ötən tur "Qəbələ" ilə oyunda görünürdü. Müxtəlif səbəblərdən çempionata liderlik edə bilərsən. Məsələn, rəqib müdafiəçilər kobud səhvlərlə hədiyyələr verə, əsas rəqibin qeyri-stabil çıxış edə və hakimlər irili-xırdalı dəstəklə təkan verə bilər. Bütün bunları mövsümboyu "Neftçi"nin oyunlarında görə bilirik.

Bu sadalananlara Namiq Ələsgərovun pik forma yığıb qolları ilə komandaya həyat verməsini də əlavə eləmək olar. Bəzi oyunçuların əzmkarlığı və yüksək motivasiyası da liderliyə təkan verən amillərdəndir. Amma "Zirə" ilə görüşdə bunların heç biri keçmədi. çünki rəqib nə istədiyini yaxşı bilən, önündəki komandanı düzgün təhlil edən baş məşqçiyə sahibdir.

Karyerası boyu müdafiədə etibarlı oyunu ilə seçilən Rəşad Sadıqovun müdafiəçilərinin bu gün boşluq buraxmaq, səhv etmək limiti yoxdu. Bu da "Neftçi"yə heç də uyğun olmayan oyun tərzidi. Axı "ağ-qaralar"a qol vurmaq, qələbə qazanmaq üçün bir az rəqibin, bir az da hakimlərin dəstəyi şərtdi. Əks təqdirdə, Samir Abasovun komandası özündən nəsə əlavə edən deyil.

Klub məşqçisi kimi debüt ilində olan Rəşad Sadıqov artıq neçənci oyundu ki, həmkarına master-klass keçir. Əslində, "Zirə"nin oyununu oxumaq o qədər də çətin deyil. Rəşad Sadıqov özü demiş, onlar "Qarabağ" və "Neftçi"yə qarşı ikinci planda oynayır. Belədə isə rəqiblərə yalnız "Zirə"yə təzyiq göstərmək, səhvə vadar etmək, düşünülmüş kombinasiya ilə qol vəziyyəti yaratmaq qalır. Təbii ki, oyunçuların ustalıq səviyyəsi ilə yanaşı, baş məşqçinin matç ərzindəki gedişləri də həlledici olur. Amma Samir Abasov sabiq komandası ilə üz-üzə gələndə ya bildiyi bütün sistemləri, gedişləri unudur, ya da bildiyi elə bu qədərdi.

"Zirə" ilə "Neftçi"nin qarşılaşmalarını bir anlıq boks görüşü ilə müqayisə edək. Bilirsən ki, rəqibin bütün raundlarda blok qurur, sifətini boş buraxacağın vaxtı gözləyir. Amma bunu bilə-bilə hər dəfə onun üzərinə üzüaçıq və kor-koranə gedirsən. Abasov da Sadıqov önünə hər dəfə eyni formada çıxır və hamısında bənzər şəkildə "yumruğu yeyir". "Neftçi"nin "Zirə" önündə ən yaxşı nəticəsi 0:0-dı ki, bunun kubokda yalnız ziyanı oldu, çempionatda isə 2 xalı əldən çıxardı.

"Neftçi"nin oyunundakı bu eniş başadüşülən və gözlənilən idi. çempion olmaq istəyən klub rəhbərindən tutmuş ən sadə işçisinə qədər yumruq kimi birləşməlidi. üstəlik, "Qarabağ" kimi özündən səviyyəli rəqibi üstələməyi hədəfləyirsənsə, təkcə meydanda yox, ondan kənardakı birliyin, mehribanlığın da vacibdi. Ancaq bu gün "Neftçi"də hər ağızdan bir səs çıxır. Klub daxilində elə atmosfer hökm sürür ki, qələbə qazananda hərə bunu öz adına yazmağa, uğursuzluq zamanı isə günahı bir-birinin üstünə atmağa vərdiş edib. Bu məsələdə isə Samir Abasov yox, prezident Kamran Quliyev məsuliyyət daşıyır. çünki o, "ağ-qaralar"a rəhbər gələn gündən "Neftçi"də pərakəndəlik aşkar sezilir.

Bəli, bu gün "Neftçi" nə baş məşqçisinə, nə heyətinə görə "Qarabağ"a rəqibdi (hərçənd müxtəlif səbəblərdən turnir cədvəlində hələ ki, bunun əksi müşahidə olunur). Amma bu cür ab-hava, atmosfer olduğu müddətdə baş məşqçi və futbolçu amili böyük problemlərin fonunda sadəcə, bir detaldı. Bu səbəbdən "Neftçi" stabillik və uzunmüddətli uğur üçün yuxarıdan aşağı doğru dəyişikliklər etməlidi...

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest