Azərbaycan Premyer Liqasında ikinci dövrənin son oyunu "Keşlə" ilə "Sumqayıt" arasında keçirildi. Matç.az xəbər verir ki, mövsümün açılış matçında da üz-üzə gələn komandaların bu dəfə dövrənin son görüşündə rəqib olmaları maraqlı təsüdüfdü.

Hər iki tərəf oyuna uğursuzluq seriyasına son qoymaq ümidi ilə çıxmışdı. Buna qədərki 8 görüşün cəmi birində qələbə qazanan "Keşlə" son 4 görüşdə cəmi 1 xal toplamışdısa, "Sumqayıt" 6 oyun idi qələbə üzünə həsrət qalmışdı.

Məşqçilər taktikaya sadiq qaldı

Komandaların mövcud heyətlərə əsasən meydana ideala yaxın "11-lik"lə çıxdığını demək olar. Yalnız "Sumqayıt"da yeni transferlər Cabir Əmirli ilə Mehdi Şərifi kənarda qalmışdı. İranlı forvard uzun müddətdi futbol oynamadığı üçün hələ hazır deyil. Həmçinin "Keşlə"də də elə oyunçu yox idi ki, onu ciddi itki kimi qələmə verək. Rəqib həmkarlar Ayxan Abbasov və Yunis Hüseynov taktiki sxemlərinə sadiq qalmışdılar. "Gənclik şəhəri" təmsilçisi 5-3-2, qəsəbə komandası isə 4-5-1-lə uğura bel bağlayırdı. "Keşlə"də Sadio Tounkara dönüşünü, Anatole Abanq debütünü rəsmiləşdirirdisə, qonaqlarda yenilərdən Dmitri Nağıyevlə Höccət Haqverdinin Premyer Liqamızla ilk tanışlığı idi.

"Keşlə"nin pərakəndə startı və vurmayana vurarlar

İlk dəqiqələr göstərdi ki, hər iki komanda hələ tam hazır vəziyyətdə deyil. Xüsusən də, "Keşlə"də pərakəndəlik aşkar sezilirdi. Futbolçular adi ötürmələrdə belə, səhvlərə yol verirdilər. Qarşılıqlı top itkilərinə baxmayaraq, oyun sürpriz qolla başladı. Abanqın qapıçı ilə təkbətək dueldə uduzması ev sahiblərinə baha başa gəldi. Dmitri Nağıyevin cəldliyi və sürəti "Sumqayıt"a ani əks-hücum qazandırdı. Xəyal Nəcəfovun ideal ötürməsinə sol cinahdan sürətlə şığıyan Tellur Mütəllimov əslində istədiyi zərbəni vura bilmədi. Ancaq gənc Elçin Mustafayevin uğursuz toxunuşu topun istiqamətini dəyişərək qapıdan keçməsinə səbəb oldu. Buna görə Mustafayev, bəlkə də, qınanılacaq son oyunçudu. İki dayaq yarımmüdafiəçisi ilə mübarizə aparan komandanın orta sahədə bu dərəcədə boşluq verməsi rəqib üçün göydəndüşmə idi. üstəlik, Azər Salahlı mövqeyini itirdiyindən, Şəhriyar Əliyev də onun yerini tutmaq üçün sola çəkildi. Belədə Elçin də məcburiyyətdən mərkəzə meyilləndi və bu da Tellurun boş qalmasına yol açdı.

"Sumqayıt"dan oynayan Abanq, 20 dəqiqəlik İmamverdiyev

Erkən qol "kimyaçılar"da ikiqat əzm yaratdı. Qonaqlar artıq meydanda daha rahat idilər. "Keşlə"nin 9 nömrəsi Abanq da sanki "Sumqayıt"ın müdafiəçisi rolunu icra edirdi. 37-ci dəqiqədə kamerunlunun orta xətdə adi epizodda topu rəqibə verməsi bakılılara ikinci ağır zərbənin başlanğıcı oldu. Xəyal Nəcəfovun növbəti mükəmməl ara-pası Əli Qurbanini qapıçı ilə üz-üzə qoydu. Elçin Mustafayevin onu yıxmaqdan başqa çarəsi qalmadı ki, bu da 21 yaşlı müdafiəçinin qırmızı vərəqə alması ilə nəticələndi. Bu epizodda isə Miyusko Boyoviçin ofsaydı pozması və Mustafayevin sürətdə uduzması qeyd olunmalı məqamdı.

Birinci hissəni qat-qat zəif keçirən "Keşlə"nin orta sahədəki ayıbını yalnız Tounkara təcrübəsi ilə ört-basdır edirdi. Ev sahibləri bu cür uğursuz oyun fonunda cəmi 1 top buraxdığı üçün qonaqların ön xətdəki "dişsizliy"inə minnətdar qalmalıdı. Düzdü, Əli Qurbani yaxşı formada olduğunu göstərdi. Milliləşən iranlı topu qəbul edir, komanda yoldaşlarına irəli çıxmaq şəraiti yaradır, hava mübarizələrindən qalib ayrılırdı. Ancaq Cavid İmamverdiyev onu heç cür tamamlaya bilmirdi. İmamverdiyev birinci hissə hələ yarılanmamış, artıq 20-ci dəqiqədə taqətdən düşmüşdü, fiziki cəhətdən çatdırmırdı. Xəyal Nəcəfov iki həlledici ötürmə ilə yadda qalsa da, bu cür rəqibə qarşı daha çoxunu etməyə borclu idi. çünki bakılılar pleymeyker funksiyasını icra edən Xəyala hər cür şərait yaratmışdı. Ancaq 24 yaşlı yarımmüdafiəçinin əksər epizodlarda topla çox rəftar etməsi və çox düşünməsi hücumları yarımçıq kəsirdi.

Böyük hesablı fərqə zəmin yaradan risk

İmamverdiyevin ikinci hissəyə çıxmaması başadüşüləndi. Ayxan Abbasov onun əvəzinə Rəhim Sadıxovu mübarizəyə qoşdu. Millimizin üzvü əslində oyuna pis qoşulmadı. ön xəttə əlavə nəfəs gəlmişdi. Komandanın tez-tez rəqib müdafiəsini azlıqda yaxalamasında və real qol imkanları qazanmasında Sadıxov xüsusi rol oynayırdı. Ancaq 25 yaşlı yarımmüdafiəçi çox keçmədən yoruldu, boş yerə ehtiyatdan başlamadığını göstərdi. "Kimyaçılar"ın ikinci qolu gecikincə komandada bir növ gərginlik yaranmağa başladı. Bu da "Keşlə"nin nəzarəti ələ keçirməsinə səbəb oldu. Paytaxt təmsilçisi 10 nəfərlə çıxış etməsinə baxmayaraq, xüsusən də, son dəqiqələrdə Mehdi Cənnətovu gərginlik içində saxladı. Aparıcı müdafiəçilər Höccət Haqverdi və Vurğun Hüseynovun zədələnərək əvəzlənməsi də qonaqların arxa xətdə kor-koranə müdafiə olunmasına gətirib çıxardı. Bu isə "Keşlə" futbolçularını xeyli ümidləndirmişdi.

Sezar Meza Kolli də ikinci hissədəki performansı ilə "Sumqayıt" futbolçularına çətin anlar yaşadırdı. Yunis Hüseynovun 77-ci dəqiqədəki iki əvəzləməsi taktiki düzülüşü 3-3-3-ə çevirdi. Hətta bu vəziyyətdə də sumqayıtlılar qapılarından çıxa bilmirdilər. Halbuki azlıqda oynayan "Keşlə"nin bu riskə əl atması böyükhesablı nəticə üçün əla zəmin formalaşdırmışdı. Əvəzində "Keşlə"nin son dəqiqələrdəki standart vəziyyətləri bir qayda olaraq təhlükəli olurdu. Buna baxmayaraq, qəsəbə komandası düz-əməlli müdafiə olunmayan meydan sahibləri önündə ələ düşən imkanları dəyərləndirə bilmədi. Bu da "Keşlə"nin ardıcıl 3-cü məğlubiyyətinə səbəb oldu.

Tounkara biabırçı məğlubiyyəti əngəllədi

Dünənki qarşılaşmada "Keşlə"nin ən yaxşısı, şübhəsiz ki, Tounkara idi. Yenidən Azərbaycana qayıdan yarımmüdafiəçinin varlığı, bəlkə də, biabırçı məğlubiyyəti əngəllədi. Abanqa gəlincə, topa sanki həvəskar futbolçu kimi toxunuş edən kamerunlu bərbad oyuna baxmayaraq, nədənsə 90 dəqiqə meydanda qaldı. Baş məşqçi buraxılan qola və komandanın azlıqda qalmasına görə günahı ilk növbədə məhz Abanqda, sonra isə onu transfer etdiyi və ilk matçdaca sona qədər meydanda saxladığı üçün özündə görməlidir. Əvəzində "Sumqayıt"ın yeni transferləri pis təsir bağışlamadılar. Düzdü, Höccət zədələndiyi üçün 59-cu dəqiqədə əvəzləndi. Dmitri isə ən fəallardan idi. Həm cəldliyi, həm vaxtında qərar verə bilməsi, həm də fiziki cəhətdən yaxşı olması "kimyaçılar"a çox kömək etdi. üstəlik, qısa müddətdə kollektivə uyğunlaşdığı da hiss olundu.

Beləliklə, "Sumqayıt" qələbə tilsimini qırdı, "Keşlə" isə məğlubiyyətləri sıralamaqda davam etdi...

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest