"İnter Mayami"nin hücumçusu Lionel Messi hazırda "Mançester Siti"ni çalışdıran Xosep Qvardiolanın Avropa futboluna əhəmiyyətli təsirini qeyd edib.
Matc.az xəbər verir ki, o, təkcə ispaniyalı mütəxəssisin uğurları ilə deyil, həm də işinin qoyduğu izlərlə bağlı təəssüratlarını bölüşüb.
"O, başqa klublara getdi və qalib gəlməyə davam etdi. Məsələ təkcə qələbə qazanmaq deyil, həm də komandalarının necə oynaması idi. Qvardiola bunu "Bavariya"da etdi, baxmayaraq ki, onlarla Çempionlar Liqasını qazana bilmədi, amma Almaniyada onların oyun tərzini dəyişdirməyi bacardı. Eyni şey İngiltərədə "Siti" ilə də baş verdi. O, liqada oyun qaydalarını dəyişdirdi", - deyə Messi açıqlama verib.
Xatyırladaq ki, 4 il (2008-2012) çalışdırdığı "Barselona"dan ayrıldıqdan sonra Qvardiola üç mövsüm (2013-2016) "Bavariya"nın baş məşqçisi olub. 2016-cı ildən bəri isə o, "Mançester Siti"ni çalışdırır və onunla birlikdə 18 kubok qazanmağı bacarıb.












