"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biri olan İspaniyanın "Vilyarreal" klubu bu yay baş məşqçi postuna Unai Emerini gətirdi. Matc.az xəbər verir ki, 48 yaşlı ispan mütəxəssis Fransanın PSJ və İngiltərənin "Arsenal" klublarındakı uğursuz legioner həyatından sonra yenidən La Liqaya dönüb. 2013-2016-cı illər aralığında "Sevilya"dakı uğurlu məşqçilik fəaliyyəti ilə məşhurlaşan Emeri ilə bağlı bilmədiyiniz beş maraqlı faktı diqqətinizə çatdırmaq istərdik:

La Liqada ilk qol onun babasının qoruduğu qapıya vurulub
İspaniya La Liqası 1929-cu ildən keçirilir. Bu yarış çərçivəsində ilk oyun həmin il fevralın 10-da "Espanyol" ilə "Real Union" arasında baş tutub. Maraqlıdır ki, həmin oyunda "Real Union"un qapısını Unai Emerinin babası Antonio Emeri qoruyub. Hesabı "Espanyol"un açdığı oyunda Antonio İspaniya La Liqasında qol buraxan ilk qapıçı kimi tarixə düşüb. Oyun isə onun komandasının 2:3 hesablı məğlubiyyəti ilə bitib. Unainin atası, Antonionun oğlu – Xuan Emeri də "Real Union" və digər klublarda qapıçı kimi oynayıb. Atası və babasından fərqli, Unai yarımmüdafiəçi olub.

İlk dəfə start heyətini zər atmaqla seçib
Futbolçu karyerasını başa vuran kimi məşqçiliyə başlayan Unai Emeri, İspaniya çempionatında mübarizə aparan "Almeriya"nın "sükanı arxası"na keçib. Onun ilk sınağı isə "Deportivo"ya qarşı olub. Maraqlıdır ki, gənc mütəxəssis həmin oyundan öncəki start heyətini zər atmaqla müəyyənləşdirib. Bütün futbolçulara güvəndiyini nümayiş etdirməyə çalışan məşqçinin bu addımı özünü doğruldub və meydana çıxan oyunçular 3:0 hesablı qələbəyə imza atıblar.

Tarixdə heç bir məşqçinin bacarmadığını edib
Emerinin məşqçi kimi ən böyük uğurları 2013, 2014 və 2015-ci illərdə ardıcıl üç dəfə Avropa Liqasının qalibi olmaqdır. İspan mütəxəssis bu uğura "Sevilya" ilə birgə imza atıb. Düzdür, italiyalı məşqçi Covanni Trapattoni də Avropa Liqasında üç dəfə baş mükafata sahib çıxıb. Amma o, bu uğurları iki müxtəlif komanda (iki dəfə "İnter", bir dəfə "Yuventus") ilə və müxtəlif illərdə (1977, 1991, 1993) bacarıb.

Rusiyada vaxt keçirib
2008-2012-ci illər aralığında "Valensiya"nı çalışdıran Emeri bu komandadan ayrılandan sonra Moskva "Spartak"ından təklif alıb. O, Rusiya klubunda keçirdiyi yarım il ərzində demək olar ki, heç nə ilə yadda qalmayıb. Məhz "Spartak"dan getdiyi "Sevilya"da isə böyük uğurları sıralamağa başlayıb.

Kitab yazmağa da vaxt tapıb
2004-cü ildən məşqçilik etməyə başlayan Emeri, bu fəaliyyəti ilə yanaşı kitab da yazıb. O, 2012-ci ildə nəşr olunan müəllif kitabını Xuan Karlos Kubeyro ilə işbirliyi sayəsində ərsəyə gətirib. Emeri bu kitaba "Mentalidad Ganadora: El Método Emery" (ingilis dilində "Winning Mentality: The Emery Methodology") adını verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest