AVRO-2020-nin seçmə mərhələsində çıxış edəcək daha 13 yığmanın püşkatmada hansı səbətdə yer alacağı dəqiqləşib. Matç.az saytı xəbər verir ki, buna Millətlər Liqasının VI turunun ikinci oyun gününün qarşılaşmaları səbəb olub.

İlk dəfə bu turnirin nəticələrinə görə müəyyənləşən səbətlər dekabrın 2-də keçiriləcək püşkatmada istifadə olunacaq. Avropanın 55 yığması beşində 10, birində 5 komanda olmaqla 6 səbətə bölünür.

Artıq bu 55 komandadan 46-nın yeri bəllidi. Dünənki oyunlardan sonra səbəti dəqiqləşən 13 komandadan biri Gürcüstan yığmasıdı. Qonşularımız Azərbaycan millisinin də çıxış etdiyi D liqasının ən yaxşısı kimi 4-cü "onluğ"a düşüb.

Qazaxıstanı 2:1 hesabı ilə yenən Gürcüstan xal hesabını 16-ya çatdırıb. Onlar D liqasının heç bir komandasının göstərə bilmədiyi nəticəyə imza atıb. Bu da onlara ümumi sıralamada Avropanın 40-cı komandası hesab olunmağa və liqanın ən yaxşısı kimi yüksək səbətə düşməyə imkan verib.

Dünənki görüşlərdən sonra Xorvatiya 1-ci, çexiya 2-ci, Slovakiya, Norveç 3-cü, Belarus, Cəbəllütariq, Qazaxıstan, Kosovo, Makedoniya 5-ci, Andorra, Latviya, Lixtenşteyn 6-cı səbətdəki yerini rəsmiləşdirib.

Artıq 1-ci, 2-ci və 5-ci səbətin 9, 3-cü səbətdə 7, 4-cü səbətdə 8, sonuncudan 4 komanda bəllidi. 1-ci səbətdəki yığmalardan dördü – final mərhələsinin iştirakçısı olacaq Hollandiya, Portuqaliya, İsveçrə və İngiltərə püşkatma zamanı 5 komandalı qrupa düşəcək. ümumilikdə isə 5 qrupda altı, 5 qrupda isə beş milli yer alacaq.

Qeyd edək ki, Azərbaycan yığması püşkatmada 5-ci səbətdə qərarlaşacaq.

AVRO-2020-nin səbətləri

1-ci səbət:

Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya, Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya

2-ci səbət:

Avstriya, Danimarka, İslandiya, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels, İsveç, çexiya

3-cü səbət:

Finlandiya, İrlandiya, Şimali İrlandiya, Serbiya, Türkiyə, Slovakiya, Norveç

4-cü səbət:

Kipr, Estoniya, Litva, Sloveniya, Albaniya, Yunanıstan, Monteneqro, Gürcüstan

5-ci səbət:

Azərbaycan, Lüksemburq, Moldova, Ermənistan, Belarus, Cəbəllütariq, Qazaxıstan, Kosovo, Makedoniya

6-cı səbət:

San-Marino, Andorra, Latviya, Lixtenşteyn

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest