"Türkiyə yığmasının seçmə mərhələdə göstərdiyi performans əla idi. Komanda sıfırdan zirvəyə yüksəldi". Matc.az saytının məlumatına görə, bunu "Vest Bromviç"in baş məşqçisi Slaven Biliç deyib.

"Beşiktaş"ın sabiq çalışdırıcısı Türkiyə yığmasının AVRO-2020-nin final mərhələsindəki şanslarını dəyərləndirib. Xorvatiyalı mütəxəssis "ay-ulduzlular"ın yaxşı heyətə malik olduğunu söyləyib: "Türkiyənin hazırda Avropa çempionatını səbirsizliklə gözlədiyini bilirəm. Komanda seçmə mərhələdəki səviyyəsini indi daha da yüksəltməlidi. AVRO-1996-da futbolçu kimi Türkiyəyə qarşı oynamışam. Həmin vaxtdan bəri ilk dəfə gənc Türkiyə yığmasını görürəm. Məsələn, mərkəz müdafiəçilərinin biri "Yuventus"da, biri "Lester"də, biri "Şalke"də oynayır. çağlar İngiltərədə oynadığı üçün onu daha çox izləmək imkanım olur. Əla iş görən Şenol Günəş üçün seçim etmək çətin olacaq. çünki əlində yüksək səviyyəli heyət var".

Biliç Türkiyənin A qrupundan çıxmaq şansını yüksək qiymətləndirib: "Avropa çempionatında təvazökar olmaq, ayaqları yerə sağlam basmaq və yalnız oyunlara köklənmək önəmlidi. çox çalışmaq və taktiki intizam vacibdi. AVRO-2016-dakı oyundan dərs çıxarılmalıdı. Fransanı tarixində ilk dəfə məğlub edə bilərsiniz. Ancaq "İtaliyadan güclüyük" demək böyük səhv olar. Əlbəttə, Türkiyə İtaliyadan qorxmayacaq. Ancaq Türkiyə futbol ictimaiyyətinin ən böyük yanlışı çox tez göylə getməkdi. İstənilən sürprizə açıq qrupdu. Amma Türkiyənin növbəti mərhələ şansı çoxdu. Digər komandalardan isə İsveçrə önəmli oyunçulara malik möhkəm kollektivdi. Uelsin Beyl başda olmaqla keyfiyyətli oyunçuları var. Bu səbəbdən düzgün köklənmək lazımdı".

Qeyd edək ki, A qrupunun oyunları iyunun 12-21-i aralığında Roma və Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionunda Uels - İsveçrə, Türkiyə - Uels və Türkiyə - İsveçrə oyunları baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest