"APOEL oyununa sürət qatmalıdı. Oyundan-oyuna heyətdə 5 dəyişiklik edə bilməzsən". Matc.az saytının məlumatına görə, bunu APOEL-in əfsanəvi futbolçusu Takis Antoniu deyib.

1972-1986-cı illərdə Nikosiya klubunun şərəfini qorumuş Antoniu Kipr mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirilən oyunu dəyərləndirib.

65 yaşlı mütəxəssis qeydə alınan 2:2 hesabının sevimli komandası üçün uğurlu nəticə olduğunu düşünür: "APOEL üçün önəmli olan Bakıda məğlub olmamaq idi. Qrupun qarşıdakı iki matçında qələbə arzulayırıq. Komandanın yaxşı potensialı var. Zəif nöqtələrimizi yaxşılaşdıraraq, bunu bacara bilərik. Sahib olduğumuz materialla bir pillə də irəliləməliyik. Keyfiyyətli futbolçularımız olsa da, eyni səviyyədə oyun göstərməkdə çətinlik çəkirik. Fikrimcə, komandamız daha yaxşı çıxış etməlidi. Bir futbolçu ümumi ansambldan geri qaldıqda komanda çətinliklə üzləşir".

Takis Antoniu APOEL-in ən böyük çatışmazlığının yarımmüdafiə xətti olduğunu bildirib: "Məşqçinin hansı sistemdə oynadığına fikir vermirəm. APOEL-lə bağlı bir məqamı xüsusi qeyd etməliyəm. Oyunçuların səviyyəsini müzakirə etmirəm. Ancaq mərkəz rəqib üçün boş dəhlizə çevrilir, futbolçular ləng davranır. Nə qədər yaxşı olursan-ol, ürəyin yavaş döyünürsə, deməli, yaradıcılıqla bağlı probleminiz var. Daha yaxşı oynamağın lazım olduğunu deyəcək futbolçu yoxdu. Balans yaradacaq, sizi təəccübləndirəcək oyunçulara ehtiyac var".

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü noyabrın 7-də Nikosiyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest