Milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti məğlubiyyətini aldı. Matc.az xəbər verir ki, yığmamız bu dəfə Macarıstana Budapeştdə 3 xal "bəxş etdi".

Macarların final mərhələsi şansı davam etdiyindən, rəqibin sürətli futbol oynayacağı gözlənilən idi. Nikola Yurçeviç isə Bəhreynlə görüşdəki start heyətində 3 dəyişiklik edərək, əsas məqsədin qapının toxunulmazlığını qorumaq olduğunu göstərdi.

Ev sahiblərinin ilk dəqiqələrdən təzyiqi qarşısında futbolçularımız cəmi 10 dəqiqə tab gətirə bildilər. Düzdü, matçın son saniyələrində komandamız bərabərlik qolunu vurdu və hakim kobud səhvə yol verərək, bunu hesaba almadı. Ancaq ümumi götürdükdə millimiz 1 xala belə, layiq oyun sərgiləmədi. Xüsusən də, orta sahədə yer alan futbolçuların buraxdıqları boşluqlar məğlubiyyətdə həlledici rol oynadı.

Futbolçuları fərdi şəkildə qiymətləndirməli olsaq, yalnız Bəhlul Mustafazadəni digərlərindən ayırmaq olar.

Emil Balayev - Xorvatiya ilə oyunun qəhrəmanı dünən heç də ən yaxşılardan deyildi. Ancaq o, məğlubiyyətdə günahlandırılacaq son şəxslərdəndi. Çərçivəyə gələn azsaylı topları dəf edən Emil bəzi anlarda çıxışda səhvə yol verdi. Buraxılan qolda isə zərbə uzaq məsafədən vurulsa da, önündə çox futbolçu olduğundan, topu vaxtında görmək şansı yox idi.

Bədavi Hüseynov - Yeganə qol anında yanından keçən topa reaksiya göstərməkdə gecikdi. Ancaq ümumilikdə pis təsir bağışlamırdı. "İkinci mərtəbə"də bir neçə dəfə rəqib hücumçusunu qabaqlayan Bədavi kritik müdaxilələrlə də yadda qaldı.

Bəhlul Mustafazadə - Yəqin ki, onu komandamızın ən yaxşısı saymaq olar. Gənc və təcrübəsiz olması meydanda hiss olunmur. Sərbəst, həyəcansız oyunu ilə güvən verən Bəhlulun son dəqiqədəki təmiz qolu sayılsaydı, gözəl oyununu qolla taclandıracaqdı.

Şəhriyar Rəhimov - Yalnız Riçard Almeyda və Təmkin Xəlilzadənin köməkliyi olan zaman sol cinahı bağlaya bilirdi. Ancaq etibarlı oynadığını söyləmək olmaz. Çünki cinahlardan hücuma çox meyl etməyən macarların azsaylı belə həmlələri qarşısında çətin anlar yaşayırdı.

Pavel Paşayev - Eyni sözləri ona da şamil etmək olar. Düzdü, Şəhriyardan fərqli, köməyi az idi. Bir çox epizodda Pavelin buraxdığı boşluğu Bədavi doldurmalı oldu.

Qara Qarayev - Yarımmüdafiə xəttindəki "üçlük"dən heç biri günündə deyildi. Qara da digərlərindən geri qalmırdı. Rəqib oyunçularının sürətinə ayaq uydurmaqda çətinlik çəkirdi.

Eddi İsrafilov - Nə müdafiəyə, nə də hücuma düz-əməlli kömək edə bildi. Epizodlar zamanı çox ağır görünürdü. Buraxılan qoldan əvvəl rəqibin korner qazanması da onun mövqeyini boş buraxması üzündən baş verdi.

Riçard Almeyda - Komandamız hücuma çıxarkən yarımmüdafiəçilərdən yalnız Almeyda sürətlə irəliləyirdi. Müdafiəyə kömək baxımından heç də pis deyildi. Ancaq komandada pleymeykerlik funksiyasını yerinə yetirə bilmədi. Əksər epizodlarda topu ayağında çox saxladığından, dərhal itirirdi.

Təmkin Xəlilzadə - Cinah yarımmüdafiəçisi kimi çıxış edən Təmkin müdafiəyə kömək baxımından üzərinə düşəni edirdi. Di gəl ki, hücum potensialı çox aşağı görünürdü. Komanda topa sahib olduğu zaman vinger rolunu icra etməkdə aciz idi.

Ağabala Ramazanov - Matçın ən zəiflərindən biri idi. Sağ cinahdan Pavel Paşayevə kömək etmirdi. Bu azmış kimi, hücumlar zamanı da varlığı ilə yoxluğu hiss olunmurdu. Buraxılan qolda isə zərbə vuran futbolçunu məhz Ağabala tutmalı idi.

Ramil Şeydayev - Həmişəki kimi, ön xətdə özünü ora-bura vurur, rəqib müdafiəçilərinə durmadan pressinq tətbiq edirdi. Ancaq komandamız hücuma çox çıxmadığından, irəlidə çarəsiz qalırdı.

Araz Abdullayev - Yarım saatdan bir qədər çox meydandan qalan Araz son dəqiqə qolu hesaba alınsaydı, qəhrəmanlardan birinə çevriləcəkdi.

Cavid Hüseynov - Yarımmüdafiəçi meydana daxil olduqdan sonra orta sahədəki çaşqınlıq aradan qalxdı. Ancaq komandanın hücum gücünə əlavə nəsə qata bilmədi.

Renat Dadaşov - Əlavə olunmuş vaxtla birlikdə cəmi 11 dəqiqə meydanda olan gənc hücumçudan bu müddətdə əlahiddə nəsə gözləmək yersiz olardı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest