"Sabah"ın kapitanı Ruslan Abışov Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az saytının məlumatına görə, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra öncə bunları söyləyib:
 
- Bu qələbəni çoxdan gözləyirdik. Açığı deyim, keyfiyyətli oyunumuz da olmurdu ki, yaxşı oynayıb, amma uduzduğumuzu deyə bilək. Fikrimcə, hər şey keçmişdə qaldı. Hər gün yeni nəsə başlayır. O beyinlə meydana çıxmışdıq ki, hər şey yenidən başlayıb, keçmiş turları unutmuşduq. Düzdü, ötən turlarda da belə düşünürdük. Bu gün "Səbail"ə qarşı yaxşı oynadıq, qollar vurduq. Qol epizodları yarada bildik. Qələbəyə layiq idik. Lazım olan vacib qələbə əldə etdik.
 
- Komandada motivasiya hiss edilirdi. Qısa müddətdə nəyi dəyişə bildiniz?
- Qeyri-adi bir şey etmədik. Hər qarşılaşmadan öncə paltardəyişmə otağında danışırdıq ki, bu oyun vacibdi, udmalıyıq, amma nədənsə alınmırdı. Bu gün oyunumuz hərtərəfli yaxşı alındı. "Keşlə" və "Qəbələ" ilə oyunlardakı kimi bu matça hazırlaşmışdıq. O "partlayış" bu görüşə təsadüf etdi. ümid edək ki, bunun ardı da gələcək.
 
- Qarşıda "Qarabağ"la oyun var. Nə düşünürsüz?
- Əslində, hər zaman istəyirəm ki, çempionatda "Qarabağ" kimi komandalar olsun. Futbolçu üçün güclü rəqibə qarşı oynamaq daha yaxşıdı. Pis çıxmasın, bizim itirəcəyimiz bir şey yoxdu. "Qarabağ" 6 turdan sonra maksimum nəticə göstərib. Liderdilər və həqiqətən də buna layiqdilər. Ancaq biz də oyunumuzu oynayacağıq və çalışacağıq ki, çempionatda hansısa sürprizə imza ata bilək. Rəqibin adı var, amma biz də özümüzə güvənirik. Sona qədər mübarizə aparacağıq.
 
- İqor Ponomaryovun komandaya təsiri oldu?
- Ponomaryov Azərbaycan futbolunu yaxşı tanıyırdı, ölkəmizdə işləmişdi. Həftə ərzində bizə bildirirdi ki, çıxın futbolunuzu oynayın, özünüzə güvənin və rəqibdən üstün olduğunuzu göstərin. Bu gün hər kəs az da olsa, potensialını aça bildi.
 
- Oyunun son dəqiqələrində məğlub komanda kimi hücumlara atılırdınız. Kənarda qolun sizə daha çox lazım olduğu görünürdü...
- Darıxmışdıq qol vurmaq üçün (gülür). "Neftçi"ni çıxmaq şərti ilə qol vurmamışdıq. "Zirə" ilə görüşdə qolumuzda bəxt amili rol oynadı və oyunçularına dəyən top qapıya daxil oldu. Belə qələbələrin və qolların ardı gələr, buna inanırıq. Qarşıda vacib oyunlar var.
 
- Bu qələbə ilə psixoloji gərginlik aradan qalxdı?
- Psixoloji amil çox önəmlidi. Oynayırdıq, amma qol buraxan kimi ümidverici nəsə göstərmirdik. O cəhətdən problem var idi. Bu gün tilsimi qırdıq. Qarşıdakı oyunlarda lap qol buraxsaq da, "Səbail"lə matçı yada salıb, vəziyyətdən çıxa biləcəyik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest