“Keşlə”nin hücumçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib

“Keşlə”nin hücumçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az saytının məlumatına görə, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib: 
 
- Gözləmirdik ki, oyun bizim üçün belə asan olacaq. Samir Abasov “Zirə”də yaxşı komanda formalaşdırıb. Onlar həmişə iddialı olub, yuxarı yerlər üçün yarışıb. Üç xal bizim üçün vacib idi.
 
- Vurduğun qolu necə şərh edərsən?
- Özümə də maraqlı idi ki, mən niyə beş turdu qol vura bilmirdim. Oyundan əvvəl Tanrıdan qol vurmağı istəmişdim. Şükürlər olsun ki alındı. Qolun təkrarına baxandan sonra deyə bilərəm ki, gözəl alınıb, ya yox. Belə görünür, qol həqiqətən də yaxşı alınıb. Mənim qol vurmağımın və bunun gözəl olmasının heç bir fərqi yoxdu, əsas odu, komanda qalib gəldi, bunda mənim də payım oldu.
 
- “Keşlə”nin bu mövsüm əsas məqsədi nədi?
- Əsas məqdəmiz “Keşlə”ni əvvəlki yerinə qaytarmaqdı. Komanda daha öncə “İnter” adı ilə avrokuboklarda yarışırdı. İndi bizim əsas məqsədimiz çoxlu xal qazanıb, Avropaya vəsiqə əldə etməkdi.
 
- “Səbail” yaxşı günlərini yaşamır. Bu komanda ilə 2-3-cü yerləri bölüşürsünüz. “Səbail”i gələn turlarda keçə biləcəksiz?
- “Səbail” yaxşı komandadı, ötən mövsüm o klubda çıxış etmişəm. Baş məşqçiləri Aftandil Hacıyev yaxşı mütəxəssisdi. “Səbail”də elə futbolçular var ki, oyunda istənilən zaman qol vura və təhlükə yarada bilər. Onlara da uğurlar arzulayıram. Düzdü, “Səbail” çətin dönəmdədi. Bütün komandalarda belə çətin günlər ola bilər. İstəyərdim ki, klublarımız yaxşı oynasın, 8 deyil, 12 komandalı çempionat olsun. Klublar daha da çoxalsın. Bu hal futbolçulara, klublara və daha çox milli komandaya xeyir gətirə bilər.
 
- Sabiq klubun “Neftçi” mövsümə pis başlayıb. Onların bu durumu sizin yuxarı pillələrdə qalmağınız üçün kömək ola bilər?
- İnanıram ki, “Neftçi” çempionluq uğrunda mübarizəyə qayıdacaq. Mən “Neftçi”dən oynayarkən də belə çətin günlər olurdu, azarkeşlər də onları anlamalıdı. “Neftçi” Avropa Liqasında yaxşı çıxış etdi. İndi çempionata bir az pis başladılar. Fikir verin, “Qarabağ” bütün oyunlarda qalib gəldi. Bu da onu göstərir ki, onlar daha stabildi. Uzun müddətdi ki, birgə oynayırlar: eyni kollektiv və baş məşqçi. Stabillik “Qarabağ”a uğur gətirir. “Neftçi”nin çempionluq yarışına qayıdacağına inanıram. Onlara uğurlar arzu edirəm.
 
- Azərbaycan milli komandasına dəvət almamağın nə ilə bağlıdı?
- Milliyə yalnız uğurlar arzulayıram və qələbə gözləyirəm. İnanıram ki, onlar Azərbaycan xalqını sevindirəcək. Əlbəttə, yığma komandaya dönmək istəyirəm. Ancaq hər şey ola bilər. Nikola Yurçeviç hələ məni millinin futbolçusu kimi görmür və buna hörmətlə yanaşıram. Mən ona sübut edəcəm ki, milli komandaya layiqəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest