Azərbaycanın qrup hərəkətləri komandası "Tokio 2020"yə lisenziya qazanıb. Matc.az xəbər verir ki, yarışın 6-cı günündə qrup hərəkətləri üzrə komandalar mübarizəyə başlayıblar.

24 ölkə çoxnövçülükdə mükafatçıları müəyyənləşdirib, həmçinin ayrı-ayrı növlərdə finala vəsiqə üçün mübarizə aparıblar.

Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət Azərbaycan yığması da xalça üzərinə çıxıb. Gimnastlarımız 3 halqa və 2 gürzlə hərəkətdə 26,700, 5 topla ifa üçün 26,400 xal toplayıb.

Yekunda 53,100. xala malik millimiz 8-ci yeri tutub.

Azərbaycan gimnastları bununla da 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Reqlamentə əsasən, dünya çempionatının ən yaxşı 5 komandası dördilliyin mötəbər yarışına vəsiqə əldə edib. Lakin artıq bu hüququ öncədən qazanan Rusiya, İtaliya və Bolqarıstanın, həmçinin Olimpiadanın meydan sahibi Yaponiyanın ön sıralarda olması aşağı pillələrdə qərarlaşanların da "beşliy"ə düşməsinə imkan yaradıb.

Medallara isə Rusiya (58,700), Yaponiya (58,200) və Bolqarıstan (58,000) yığmaları sahib çıxıb. Bu üç komanda, həmçinin 5-ci olan İtaliyanın (55,200) lisenziyası olduğundan Tokio-2020-yə Belarus (56,400), İsrail (54,950), çin (53,250), Azərbaycan (53,100) və Ukrayna (51,150) vəsiqə qazanıb.

Qeyd edək ki, bədii gimnastika üzrə qrup hərəkətlərində uğur qazanan Azərbaycan yığması 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək Olimpiadaya 6-cı lisenziyanın müəllifi olub. Onlara qədər atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, bədii gimnast Zöhrə Ağamirova, güləşçilər Mariya Stadnik və Şərif Şərifov da bu hüquqa yiyələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest