APOEL-in hollandiyalı qapıçısı Boy Vaterman Kipr mətbuatına müsahibəsində çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" üzərində Bakıda qazanılan qələbəni (2:0) dəyərləndirib. Matc.az saytı xəbər verir ki, 35 yaşlı qolkiper "Ayaks"la qarşıdakı oyunlara da toxunub.

- "Qarabağ"a evdə 1:2 hesabı ilə məğlub olduqdan sonra mərhələ adlayacağınıza inamınız var idimi?

- Bilirdik ki, işimiz çətin olacaq. Təkcə ilk oyundakı nəticəyə yox, həm də "Qarabağ"ın səviyyəsinə görə. üstəlik, ilk görüşdən sonra baş məşqçimiz istefaya göndərildi, onun yerinə Tomas Doll gətirildi. Bakıda fərqli sistemdə oynadıq. Belədə insan düşünür ki, bütün bunlardan nə çıxacaq? Ancaq biz bunu bacardıq.

- Nəticəni ədalətli sayırsınız?

- Əgər uğur üçün mübarizə aparmaqda davam etsən, istədiyinə çatacaqsan. Biz cavab qarşılaşmasında əlimizə düşən fürsətlərdən maksimum yararlandıq, "Qarabağ" isə bunu edə bilmədi.

- Tomas Dollun gəlişi komandada nəyi dəyişdi?

- Əvvəllər 3-5-2 və ya 5-3-2 sxemində çıxış edirdik. Ancaq Bakıda 4-3-3 taktikası ilə oynadıq. Baş məşqçi bunun rəqibdən asılı olduğunu bildirdi. Yəni yenidən əvvəlki sistemə qayıda bilərik.

- Pley-off mərhələsində "Ayaks"la düşməyiniz xeyrinizə, yoxsa ziyanınızadı?

- Uşaqlığımı "Ayaks" məktəbində keçirmişəm, Erediviziyada isə onlara qarşı dəfələrlə çıxış etmişəm. Dünya səviyyəli klubdan bəhs edirik. Onlar ötən mövsüm çempionlar Liqasında yarımfinala qədər irəliləməklə böyük nüfuz qazandılar. Ancaq ötən mövsümdəki qədər güclü deyillər. çünki bir neçə aparıcı futbolçuları komandadan ayrıldı.

- Qəbul edirsiniz ki, favorit "Ayaks"dı?

- Əlbəttə ki, onlardı. Amma bu, qrup mərhələsinə "Ayaks"ın vəsiqə qazanacağı anlamına gəlmir. Tarix, büdcə, heyət və ötən mövsümdəki çıxışı nəzərə alsaq, "Ayaks" qrupa düşmək məcburiyyətindədi. Bu da onlarda təzyiq yaradacaq. Rəqibin adına baxmadan savaşacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest