AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinə yekun vurulub.
Matc.az xəbər verir ki, final görüşünün ardından mükafatlandırma mərasimi keçirilib. Lənkəranda yerləşən “Raypo” İdman-Sağlamlıq Mərkəzində təşkil edilən yarışın qalibi “Gəncə” komandası olub. “Sumqayıt” ikinci, “Lənkəran” isə üçüncü yeri tutub.
Turnirdə 13 qol vuran “Lənkəran”ın oyunçusu Hüseynbala Talıbzadə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Gəncə”nin üzvü Fərid İsmayılzadə ən yaxşı qapıçı, “Sumqayıt”dan Ümid İbrahimov isə ən yaxşı oyunçu seçilib.
Yarımfinal mərhələsi:
“Lənkəran” – “Gəncə” - 1:6
“Sumqayıt” – “Bərdə” - 5:2
3-cü yer uğrunda oyun:
“Lənkəran” – “Bərdə” - 9:2
Final:
“Gəncə” – “Sumqayıt” - 2:0