“Çox vacib, dəyərli oyundur".
 
Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
52 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb. O, ilk görüşdəki 4:2 hesablı qələbənin həlledici olmadığını söyləyib: “Bu matç ətrafında çox danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. İlk görüşün hesabı bizi aldatmamalıdır. Cavab qarşılaşmasında daha intizamlı oynamalıyıq. İnanıram ki, futbolçularımız soyuqqanlı olacaq və düzgün oynayacaqlar. Oyunu yaxşı notda başa vurmaq istəyirik. Şans varsa, bundan istifadə etməyə çalışacağıq".
 
Baş məşqçi "Braqa"nın böyük klub olduğunu vurğulayıb: "Braqa" böyük klubdur. Azarkeşlərinin qələbə tələb etməsi gözləniləndir. Başqa cür ola bilməz. Çünki onların mərhələ keçmək şansı daha çox idi. "Braqa"nın gücünü bilirik. Onların keyfiyyətinə, bacarığına bələd idik. Qələbə qazanmağımız o demək deyil ki, biz onlardan üstünük. Futbolçulara hələ orada demişdim ki, Bakıdakı qarşılaşmada daha yaxşı oynamalıyıq ki, bu rəqibi üstələyək. "Braqa"nın çox rəqibə xoş olmayan oyun üslubu, böyük təcrübəsi var. İllərlə bu cür gərgin oyunlar keçiriblər, buna öyrəşiblər".
 
Qurban Qurbanov bu cür uğurların Azərbaycan futboluna böyük kömək olacağına inanır: "Azərbaycan futbolunda belə durum yaranıb ki, Avropada istənilən bizim üçün vacibdir. Stabil olmaq üçün belə uğurlara ehtiyacımız var. Pley-offlarda belə qalibiyətlər futbolçuların, azarkeşlərin inamı üçün önəmlidir. Belədə futbol camiəsi böyüyür, birləşir. Futbol da bunsuz mümkün deyil. Mənim üçün daha vacib olan futbolu bu cür sevmək, inanmaqdır. Bunu ən böyük uğur adlandırmaq olar. Amma belə yanaşsaq, yerimizdə qala bilərik. Hər il bir addım irəli gedəndə həvəsli, inamlı oluruq. Təkcə azarkeşlər yox, dövlət orqanları da bu cür matçlara maraq göstərir. Bura həmişə böyük komandaların gəlməsini istəmişəm. Bu, bizə inamı artırar. İlk oyunda qalib gəlsək də, hələ mərhələ keçməmişik. Səfərdə qalib gələrək işimizin öhdəsindən gəlmişik. Ancaq bunu davam etdirmək istəyirik".
 
Təcrübəli mütəxəssis komandanın ildən-ilə daha yaxşı olmaq üçün çalışdığını sözlərinə əlavə edib: "Daxili çempionatda nə qədər yaxşı performans göstərsək, Avropa arenasında da bir o qədər uğurlu olarıq. Mövsümün əvvəlində mütləq bu mərhələyə qədər irəliləməliyik deyə tələb yox idi. Amma bacaracağımıza inam var idi. Mövsümün əvvəlində qrupa düşmək idi. Bura qədər gəlmişik, deməli, işimiz heç də pis getməyib. Bunu meydançada icra edənlər bacarıblar. Bunda ən çox pay futbolçulardır. Sabah da söz sahibi onlar olacaq. Birlik varsa, nəticə mütləq nə vaxtsa təsirini göstərir. İşlər düzgün icra olunsa, gec-tez nəticə olacaq. Düşünürəm ki, futbolçularım bundan da yaxşısını etməyə qadirdirlər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest