"Qarşılaşma düşündüyümüz kimi alınmadı. 30-cu dəqiqədə qırmızı vərəqə aldıq, azlıqda qaldıq. Buna baxmayaraq, özümüzdə güc tapdıq, qol vurduq"
"Neftçi”nin qapıçısı Emil Balayev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”la oyundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb. Matc.az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı qapıçı səhvi ilə bağlı sualdan sonra müsahibəni yarımçıq tərk edərək ordan uzaqlaşıb.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Açığı, qarşılaşma düşündüyümüz kimi alınmadı. 30-cu dəqiqədə qırmızı vərəqə aldıq, azlıqda qaldıq. Buna baxmayaraq, özümüzdə güc tapdıq, qol vurduq. Düzdür, ikinci hissədə qapımızda qol gördük. Ən azından döyüşdük. Bütün komandamıza, hər bir oyunçuya təşəkkür edirəm, axıra qədər döyüşçü ruhu ilə mübarizə apardılar.
- “Neftçi” əsas rəqiblərdən heç birinə uduzmasa da, eyni zamanda qalib də gələ bilmədi. Bunu necə qiymətləndirirsiniz?
- Baş məşqimiz də demişdi. Keçən oyunlarda xal qazanmadıq, əksinə, xallar itirdik. Hamı üçün aydındır, “Neftçi” yaxşı nəticələr uğrunda mübarizə aparır. İndi belə alındı. 3 oyuna 3 xal qazandıq. Hardasa demək olar ki, 6 xal itirdik. Analizlər aparacağıq. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq.
- Fərdi götürsək, qolda sizin səhviniz var idi. Ötən oyunda da Rza səhvlərlə yadda qalmışdı. Xallar belə-belə gedir…
- Məni bağışlayın, səhv söhbətini qapıçı məşqçiləri qərarlaşdırır. Sağ olun (müsahibəni yarımçıq saxlayıb miks-zonanı tərk edir).













