"İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi komandadı". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdam klubu çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah Albaniya çempionu "Partizani"ni qəbul edəcək.
 
Oyunöncəsi mətbuat konfransında Qurban fikrini bu sözlərlə davam etdirib: "Rəqibdə oyun nizam-intizamı yüksək səviyyədədi. Düzgün və aqressiv müdafiə olunurlar. Bu da bizə səfərdə çox çətinlik yaratdı. Əks-hücumu da yaxşı bacarırlar. Bizim üçün o qədər də uğurlu rəqib deyil. Amma belə rəqiblərə qarşı oynamışıq. Hər iki ölkənin çempionu qarşılaşır. Rəqibin açıqlamalarından da görünür ki, turu keçməyə istəklidilər. İstənilən halda ağır oyun olacaq. çalışacağıq intizamlı oynayaq və azarkeşlərimizi sevindirək".
 
- "Qarabağ"ın son illər qrup mərhələsində oynaması hansı rolu oynayacaq?
- Bəli, təcrübəmiz var, bu üstünlükdü. Amma bəzən ardıcıl uğurlardan sonra uğursuzluq yaranır. Bundan narahat olmuşam. Buna görə də, komandamı həmişə yüksək səviyyədə hazırlamağa çalışmışam. Sabahkı oyunda səbr də lazım olacaq".

- Stadionun dəyişməsi oyununuza təsir etməyəcək?
- Bu mövzu haqda bəlkə də, ətraflı danışmaq olar. Son vaxtlar stadionumuzda normal oynaya bilmirik. Futbolçular mərkəzi arenada özlərini daha rahat hiss edirlər, həmçinin azarkeşlər. "Tofiq Bəhramov" bizim üçün üstünlükdü. Amma son illər uyğun olmayan hallar olub. Bu, bizə mənfi təsir göstərməklə yanaşı, rəqibə üstünlük qazandırır. Buna baxmayaraq, doğma Bakımızda hamımız oyuna özümüzü tam şəkildə hazır hiss etməliyik.

- Albaniya mətbuatında yazılanlara görə, rəqib penaltilər seriyasına hazırlaşır. Sizin belə bir hazırlığınız olubmu?
- Hər bir komanda belə hallara hazır olmalıdı. Futbolçularıma oyunun vacibliyini çatdırıram və sırf matça hazırlaşırıq. Hər bir məşqçinin də öz hazırlıq planı olur.

- Geryenin gedişi qalmaqallı mövzuya çevrildi. Əvvəlcə razılaşma əldə olunduğu deyiilsə də, məşqlərə gəlmədi...
- Klub tərəfindən bu haqda məlumat verilib. Gerye burdan getməmişdən sözdə razılaşmışdıq. Sonradan danışıqlarımız davam etdi, yenə razılaşdıq. Gəlmə vaxtını da müəyyənləşdirdik. Sonda dediyimiz müddətdə komandaya qoşulmadı. Nəticədə yollarımızı ayırdıq. Klub və öz adımdan ona uğurlar arzulayıram. Komandaya faydasını verdi, ona uğurlar arzulayıram.

- "Qarabağ"ın əsas transferləri arxa xətlə bağlıdı. ön xətlə bağlı planlar necədi?
- ön xəttə Romeronu gətirdik. Axtarışlarımız yenə davam edir. Daha bir futbolçu ilə danışıqlar gedirdi. O, sabah tibbi müayinədən keçəcək. Biz təkcə avrokuboku yox, çempionatı, həmçinin çempionatdakı limiti, oyunçular verməyə çalışdığımız milli komandanı da nəzərə almalıyıq. İstədiyimiz oyunçuları dəvət etmək çətindi. ümumi götürsək, say azlığı olmur. Hər mövqedə iki oyunçu olduğunu nəzərə alsaq, heç də az deyil. Rəqabətin olması yaxşıdı. Məncə, son anlaşdığımız oyunçudan sonra kifayət edər.

- Ailton Silvanın hazırkı durumu nə yerdədi?
- Silva hələ tam optimal formasında deyil. Amma oynamaq ehtimalı var. Sabah səhər son məşqimiz olacaq. Konkret qərarı o zaman verəcəyik. Məşqçilərlə məsləhətləşdikdən sonra qərarımızı verəcəyik.

- İlk oyunla müqayisədə start heyətində dəyişiklik gözlənilir?
- Ola bilər. Qərar sabah səhər veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest