"Qarabağ"ın sabiq müdafiəçisi Admir Teli ölkəsi Albaniyada "Panorama Sport" nəşrinə müsahibə verib. Matc.az xəbər verir ki, veteran futbolçu çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən "Partizani" - "Qarabağ" (0:0) görüşünü dəyərləndirib, həmçinin komandaların şansları barədə proqnoz verib.

- "Partizani" – "Qarabağ" oyunu sizdə necə təəssürat yaratdı? Nəticə ədalətli oldu?

- Oyunu böyük maraqla izlədim. Düşünürəm ki, son dəqiqəyə qədər hər iki komanda açıq futbol sərgilədi. Düzünü demək lazımdısa, "Qarabağ"ın topa nəzarət edəcəyini proqnozlaşdırmışdım. çünki Qurban Qurbanovun oyun üslubunu yaxşı bilirəm. Digər tərəfdən, yalnız ikinci hissənin əvvəllərində yaxşı oyun göstərən "Partizani"dən daha inamlı mübarizə gözləyirdim. Hesab edirəm ki, komanda özünə daha çox inanmalıdı.

- Matçdan əvvəl Qurban Qurbanovla danışmışdınız?

- Boş vaxtım olduğu üçün oyundan əvvəl baş məşqçi ilə görüşüb söhbət etdim. Onunla həm peşəkar, həm də insani baxımdan çox yaxşı münasibətlərim var. Bu da normaldı. çünki 7 il birlikdə çalışmışıq və eyni hörməti saxlayırıq.

- Yəqin ki, "Partizani" haqda soruşub. Bilmədiyi hansısa məlumatı ona verdinizmi?

- Qurbanovla "Partizani" haqda danışmadıq. O, bu barədə heç nə soruşmadı. çünki onun "Partizani" ilə bağlı ətraflı məlumat toplayan əla köməkçiləri var. Qurbanov özü də bilmədiyi bir şey barədə məlumat verməyimi gözləmirdi.

- Qolsuz bərabərliklə nəticələnən ilk oyundan sonra "Partizani"nin mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?

- Mən "Partizani"nin şansını çətin görürəm. çünki "Qarabağ" Bakıda daha güclü oynayır. Tiranada onların bir neçə ciddi itkisi var idi. Cavab matçında isə iki aparıcı oyunçusu qayıdacaq. Düşünürəm ki, bu amil "Partizani"nin işini daha da çətinləşdirəcək. Ancaq bu o demək deyil ki, "qırmızılar"ın şansı yoxdu. Onların fərdi keyfiyyətlərə malik oyunçuları var.

- "Partizani"nin Bakıda möcüzə reallaşdırmaq üçün nə etməlidi?

- Daha çox inanmalı və "Qarabağ"ın səhvlərindən maksimum yararlanmalıdılar. Tiranadakı oyunu təkrarlamamalıdılar. Oyunboyu müdafiədə oturmaq və rəqibi meydanın özünə aid hissəsində gözləmək lazım deyil. Belədə işin çox çətin olur.

- "Qarabağ"ın ev oyunu zamanı əsas üstünlüyü nədədi?

- Diqqət yetirin, "Qarabağ" 1-2 futbolçudan asılı komanda deyil. Onların gücü komanda oyunundadı. Son illərdə qazanılan uğurlar da bununla bağlıdı. Ən böyük amil isə baş məşqçidi. Bu komandada oynayan futbolçuların hamısı meydanda baş məşqçinin tapşırıqlarından kənara çıxa bilməz. çox keyfiyyətli komandadı. Ancaq bir daha təkrar edirəm: əsas gücləri kollektiv oyun və baş məşqçi amilidi.

- "Partizani"nin Bakı Olimpiya Stadionunda deyil, daha kiçik "Dalğa Arena"da oynaması yaxşı haldımı?

- Məncə, bu amil "Partizani"nin xeyirinədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest