"Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli "Panorama Sport" nəşrinə müsahibəsində Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən "Partizani" - "Qarabağ" görüşünü dəyərləndirib. Matc.az saytının məlumatına görə, albaniyalı müdafiəçi 0:0 hesabını Azərbaycan çempionu üçün uğurlu nəticə hesab edib.

- "Partizani" ilə "Qarabağ" arasındakı ilk oyun necə təsir bağışladı?

- Oyun əvvəl deyilənlər az-çox özünü doğrultdu. "Qarabağ" topa daha hakim idi və dominantlıq edirdi. "Partizani" isə müdafiədə təmkinli idi. Onlar oyunu əks-hücumlar üzərində qurmuşdular. İndi Bakıda daha bir oyun olacaq.

- "Qarabağ"ın çıxışı barədə nə deyə bilərsiniz?

- Mənə görə, bu, ötən mövsüm "Kukesi"yə qarşı keçirdiyimiz oyuna oxşadı. Məncə, "Qarabağ" heç nə itirməyib. Bu komanda həmişə belə oynayır. İstənilən rəqibə qarşı eyni oyun üslubu ilə çıxış edir. Yəni "Qarabağ" hər zamankını etdi.

- "Qarabağ" ötən illə müqayisədə zəifləyib, yoxsa güclənib?

- İndi konkret fikir bildirmək çətindi. Hələ cəmi 90 dəqiqə geridə qalıb. Yeni mövsümdə ilk oyun idi. İndiki "Qarabağ"la ötən mövsümdəkini müqayisə etmək üçün tezdi. Əminəm ki, bu komandada nə qədər futbolçu dəyişsə belə, sistem olduğu kimi qalır. "Qarabağ" daim baxımlı futbol sərgiləyir.

- Bunu "Partizani" üçün uğurlu nəticə saymaq olar?

- Məncə, bunu hər iki komandaya şamil etmək olar. "Qarabağ" qol vurmadı, amma öz üslubunda oynadı. Belə turnirlərdə səfər komandasının heç-heçə etməsi yaxşı nəticədi. "Partizani" isə güclü rəqibə qarşı çıxış etdi və bu, onlar üçün yaxşı Avropa təcrübəsi olacaq.

- "Partizani"nin kapitanı Alban Hoca oyunöncəsi mətbuat konfransında "Qarabağ" haqda sizdən heç nə soruşmadığını bildirdi. Bunu necə şərh edərdiniz?

- İnanmıram ki, Ansinin "Qarabağ" haqda hər hansı gizli məlumatı olsun və bunu heç kimə deməsin (gülür). İnterneti açın, "Qarabağ" yazın və bu komandanın oyunları, həmçinin özü haqda məlumat toplayın. Adi işçisindən, avtobus sürücüsündən tutmuş, ən gənc futbolçusuna qədər istənilən məlumatı əldə edə bilərsiniz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest