“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Liqa Kubokunun "Vulverhempton"la oyununda hücumçu Liam Delapin davranışından qəzəblənib.

Matc.az xəbər verir ki, qələbəyə baxmayaraq, futbolçunun qırmızı vərəqə alması baş məşqçinin əhvalını korlayıb. Zədədən yeni qayıdan Delap cəmi yeddi dəqiqə ərzində iki sarı vərəqə alaraq, komandasını vacib anda azlıqda qoyub.

Mareska ingiltərəli forvardın bu hərəkətini “axmaqlıq” və “utancverici” adlandırıb. İtaliyalı mütəxəssis açıq şəkildə oyunçunu eqoizmdə ittiham edərək bildirib ki, ilk xəbərdarlıqdan sonra onu sakitləşdirməyə çalışıb:

“Dörd-beş dəfə ona sakit olmasını dedim. Amma Liam elə oyunçudur ki, meydana çıxanda sanki yalnız özü üçün oynayır. O, baş verənləri dərk etməkdə və ətrafdakıları dinləməkdə çətinlik çəkir”.

Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun noyabrın 5-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest