"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun yeni futbolçuların transferi ilə bağlı danışıqları dayandırması haqda fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, Ağdam təmsilçisi Andre Klovis, Olavio Juninyo və Sambo Sumano kimi hücum xətti oyunçuları ilə danışıqlar aparsa da, son anda transferlər baş tutmayıb.
Mütəxəssis isə "AzTV"yə müsahibəsində Ağdam təmsilçisinin üzərinə düşənləri yerinə yetirdiyini, qarşı tərəfdəki klubların qeyri-peşəkar davrandığını bildirib:
"Transfer pəncərəsi"ndə bəzi keçidlər etdik. Yeni futbolçular cəlb etdik komandamıza. Bəzi transferlər isə alınmadı. Bu, bizim istəyimizlə olmadı. İki futbolçunu daha çox istəyirdik. Biri sırf hücumçu idi. Hər iki klubla çox geniş danışıqlar getdi. Hər gün danışıqlar dəyişilirdi. Bizim tərəfimizdən yox, onlar tərəfindən. Qarşımıza yeni tələblər qoyulurdu. Razılaşırdıq. Sonda isə həddindən artıq böyük bir məbləğ deyildi.
Məncə, biz o məbləğə razı olsaydıq, yenə də yeni bir tələb qoyulacaqdı. Sadəcə olaraq bizə bəlkə də bir az qeyri-peşəkar yanaşdılar. Ona görə də sonda danışıqlar dayandırdıq. 3-cü futbolçuda isə işlər bir az qarışıq idi. Sənədləri ilə bağlı problemlər də vardı. İnanın ki, biz sona qədər öz üzərimizə düşəni, hətta artığını etdik".