“Neftçi” azarkeşlərinə müraciət edib.
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi son vaxtlar komandanın oyunlarını boykot edən azarkeşləri yenidən stadiona səsləyib:
 
“Əziz “Neftçi” azarkeşləri, bizi qarşıda həlledici oyunlar gözləyir. Son 5 döyüşdə azarkeşlərimizin dəstəyinizə ehtiyacımız var. İndiyə qədər olan proseslərdə gözləntiləri qarşılaya bilmədik. Ancaq düşünürük ki, hazırki vacib məqamda “Neftçi” adına hamımızın birləşmək zamanıdır. Hər zaman çətin vaxtlarda klubunun yanında olan siz azarkeşləri bir olmağa və komandamıza tribunadan dəstək verməyə çağırırıq. İnanırıq ki, yalnız birlikdə uğurlu nəticələr əldə edə bilərik. Odur ki, “Forza Neftçi” və digər azarkeşlərimizi bu vacib oyunlarda komandamızın yanında olmağa çağırış edirik.
 
“Neftçi” ailəsinin çətin zamanda necə bir olduğunu göstərmək zamanıdır”.
 
Xatırladaq ki, “Forza Neftçi” azad azarkeş qrupu mart ayından komandanın oyunlarını boykot edib. Buna səbəb komandanın qeyri-stabil çıxışıdır.
 
Dünən gün ərzində “Forza Neftçi” klubun çağırışına cavab verib. Komandanın əsas azarkeş qrupu müraciətlə bağlı bəyanat yayıb:
 
“Klub tərəfindən edilmiş çağırışa “Neftçi” adını nəzərə alaraq cavab verir, eləcə də, keçdiyimiz günlər ərzində Müşahidə Şurası ilə təşkil olunmuş görüş zamanı klubun vəziyyəti, bundan əvvəl olanlar və qarşıdakı hədəflər haqqında müzakirələr apardığımızı bildirərək mövqeyimizi açıqlayırıq.
 
Klubun dirçəlməsi və layiq olduğu yerlərə qayıtması məqsədi ilə növbəti 5 oyunun vacibliyini qeyd edib, son zamanlar baş verənlərin və “flaqman”ın adına layiq olmayan hadisələrin təkrarlanmayacağına ümid edirik. Hər zaman arxasında durduğumuz komandanın bu çətin – 5 oyunluq periodunda yanında olacağımızı bildiririk.
 
Biz – azarkeşlər yenə də öz üzərimizə düşəni edəcəyik. Siz də atacağınız hər addımın azarkeşlər tərəfindən dəqiqliklə izlənəcəyini bilməli və prioritetinizin “Neftçi” adının yüksəklərdə saxlanmalı olduğunu sübut etməlisiniz”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest