Voleybolçu qadınlar arasında keçirilən Azərbaycan Yüksək Liqasının birinci dövrəsinin oyunları yekunlaşıb. Matc.az xəbər verir ki, bu gün baş tutan 3-cü tur çərçivəsində “Murov” “Azərreyl”lə, UNEC isə “Abşeron”la üz-üzə gəlib.
 
Voleybol Mərkəzində təşkil olunan turun ilk matçında “Murov” “Azərreyl”lə qarşılaşıb. Eldar Yusubovun komandası ilk seti 25:22 hesabı ilə öz xeyrinə başa vurub. Matçın ikinci hissəsində də “Azərreyl” eyni hesabla  qalib gələrək set fərqini 2-yə çatdırıb. Vüqar Əliyevin yetirmələri üçüncü hissədə 25:20 hesabı ilə qalib gələrək fərqi minimuma endirsələr də, geridönüş edə bilməyiblər. Dördüncü set “Azərreyl” komandasının 25:20 hesablı qələbəsi ilə yekunlaşıb. Yekunda “Azərreyl” rəqibini 3:1 ( 25:22 25:22, 20:25, 25:20) hesabı ilə məğlub edib.
 
Günün və birinci dövrənin son matçında UNEC “Abşeron”la görüşüb. Bu matçın qalibi üç setdə müəyyən olunub. Oyuna daha inamlı başlayan “Abşeron” birinci seti 25:13 hesabı ilə qalib gəlib. Famil Ağayevin komandasının ilk hissədəki uğuru sonrakı setlərdə də davam edib. “Abşeron” ikinci hissəni 25:19, üçüncü hissəni isə 25:16 hesabı ilə qalib başa vurub. 
 
Beləliklə, 3 turdan sonra xal itirməyən “Azərreyl” 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xala malik “Murov” ikinci, ondan 3 xal geri qalan “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
 
Yüksək Liqa
3-cü tur
24 yanvar 
 
“Murov” - “Azərreyl” 1:3 (22:25, 22:25, 25:20, 20:25)
UNEC - “Abşeron” 0:3 (13:25, 19:25, 16:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest